Məktəbli oğlanlara çılpaq şəkillərini göndərdi, güllələndi - Şəmkirdə baş verən hadisənin TƏFƏRRÜATI

21
May
01:54
thumb_down 0

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Səfər qısqanclıq zəminində həyat yoldaşı Fidanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, o, 1999-cu il təvəllüdü Fidanın "WhatsApp" mesajlaşma proqramı ilə müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışma və telefon danışıqlarından xəbər tutub. 1 iyul 2023-cü ildə Rusiyanın Moskva şəhərindən Şəmkir rayonunun kəndinə gəlib.

O, arvadından müxtəlif kişilərlə hansı səbəbdən yazışdığını, telefonda danışdığını soruşub və onunla mübahisə edib.

Fidan heç kimin onun şəxsi işinə qarışa bilməyəcəyini deyib, boşanmaq istədiyini bildirib. Bundan hiddətlənən Səfər Fidanı öldürmək qərarına gəlib. Babasından miras qalmış ov tüfəngini götürüb və iyulun 7-də saat altı radələrində qayınatasının yaşadığı evə gedib. O, çardağın üzərinə çıxıb və əlverişli məqam gözləyib.

Həmin gün saat 21 radələrində göyərti yığmaq üçün evin bağ sahəsinə keçən Fidanın geri qayıtmasını gözləyib. Təxminən üç-dörd dəqiqə sonra qadın bağa açılan dəmir qapıdan çardağın altına gələrkən ov tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb.

Fidanın atası Nadir atəş səsini eşidib və qızına tərəf qaçıb, qışqıraraq qonşuları köməyə çağırıb, Səfərin ikinci dəfə atəş açmasına mane olub. Səfər hadisə yerindən qaçıb.

Fidan dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səfərin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Arvadımın çılpaq şəkillərini gördüm"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, Rusiyada olarkən arvadı Fidanın telefonda danışıqlarını və çılpaq şəkillərini görüb:

"2023-cü ilin iyul ayında Şəmkirə qayıtdım və Fidana atasının evinə getməsini dedim. Onun valideynləri ilə boşanmağımız və uşaqların mənimlə qalmaları barədə danışdıq.

Bir gün sonra yenidən Fidangilə gedərək eyni məsələlər barədə danışdıq və uşaqların yanımda qalmalarına razılaşdıq. Söhbətin üstündən bir müddət keçəndən sonra Fidanın yaşadığı evin üç-dörd metr hündürlükdəki çardağında gizlənərək onun yanına kimin gəlib-getdiyini dəqiqləşdirmək istədim. Hadisə günü Fidan məni görən kimi qışqırdı. Əlimdə olan oldu silahdan atəş açdım.

Mənim arvadımı öldürmək fikrim olsaydı, onun qolundan atəş açmazdım. Atəş açdıqdan sonra evə getdim. Sonra polis əməkdaşları gələrək məni şöbəyə apardılar".

"Anam arvadımın telefonunu Rusiyaya gətirdi"

Təqsirləndirilən şəxs bildirib ki, Rusiyadan 2023-cü ilin iyul ayının əvvəlində, hadisədən üç gün qabaq qayıdıb:

"Mən Rusiyada olarkən Fidan valideynlərimlə birlikdə yaşayıb. Onunla telefonda danışarkən başqası ilə söhbət etdiyinin şahid oldum və bundan şübhələndim. Həmin ərəfədə anam Rusiyaya gəldiyi üçün Fidanın mobil telefonunu da özü ilə gətirməyini tapşırdım. Anam arvadımın telefonunu gətirib mənə verdi.

Telefonu açanda hər şeyi gördüm, əlavə proqram da yükləyərək danışıqlara baxdım. Telefondakı məlumatları bərpa etdirdim və geri qaytardım. Sonra Azərbaycana qayıtdım və boşanmaq qərarına gəldik.

Rusiyada olan zaman Fidanın valideynlərinə boşanmaq istədiyimi dedim. Şəmkirə qayıdandan sonra Fidanla söhbət etdim. O da olanları etiraf edərək "şeytana aldandığını" dedi. Arvadıma boşanmaq istədiyimi bildirəndə mənimlə razılaşdı".

"Məqsədim qorxutmaq idi"

Səfərin sözlərinə görə, hadisə günü Fidanın danışdığı oğlanın gələcəyini düşündüyü üçün Nadirgilin çardağın üstünə çıxıb:

"Silahı özümlə götürməkdə məqsədim Fidanın danışdığı adam gələcəyi təqdirdə silahla onu qorxudaraq arvadımın valideynlərinin qarşısına çıxarmaq idi".

"İstəsəydim, arxadan asanca vurardım"

Səfər qeyd edib ki, hadisə günü şiferin üstündə iki-üç saatdan çox gözləyib:

"Fikrim gecəyə qədər gözləmək idi. Axşam saatlarında evə qonaqlar gəldilər. Çardaq tərəfə boylanaraq kimin gəldiyinə baxmaq qərarına gəldim. Bu zaman Fidan məni görüb qışqırdı. Mən də özümü itirərək arvadımın qoluna atəş açdım. Atəş açmaq məqsədim yox idi. Gizləndim. Düşündüm ki, Nadir qızını bu vəziyyətdə görərək ürəyi gedərsə, Fidanı həkimə özüm aparım. Nadir qızını avtomobilə qoyandan sonra yuxarıdan düşərək getdim.

Fidan bağa gedən zaman onu arxadan vurmaq daha asan idi. Vurmaq niyyətim olsaydı, onda atəş açardım. Fidan yaralanan kimi yerə yıxıldı. İkinci dəfə atəş açmaq üçün imkanım var idi. Amma arvadımı öldürmək yox, cəzalandırmaq istəyirdim".

"Boşanmağı məsləhət gördülər"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Səfər arvadını öldürməyə cəhd etməsi ittihamı üzrə özünü tam təqsirli bilib. Onun ifadəsinə görə, bilet alaraq Rusiyadan Şəmkir rayonuna gəlib:

"Şəmkirə gələn kimi Fidanın atasının evinə getdim. Məni qayınatam Nadir və qaynanam Sevil qarşıladılar. Fidan isə qarşıma çıxmadı. Onlardan Fidanın niyə əxlaqsızlıq etdiyini soruşdum. Fidanın pis də olsa, yaxşı da olsa qızları olduğunu söylədilər, əgər qəbul etmirəmsə, boşanmağımı məsləhət gördülər. Onlara qızlarına düzgün tərbiyə verə bilmədiklərini dedim, övladlarımla görüşərək getdim".

"Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, iki gün sonra yenidən Fidanın valideynlərinin yaşadığı evə gedib:

"Fidandan kişilərlə münasibət qurub danışmağının səbəbini və həmin şəxslərin kim olduğunu soruşdum. O, məndən boşanacağını və işlərinə qarışmaq ixtiyarımın olmadığını dedi. "Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm"- söylədi, məni daha da qıcıqlandırdı və onu öldürmək qərarına gəldim".

"Qışqırmadım, donub qaldım"

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, dırnaq düzəldilməsi isə məşğul olduğu üçün hadisə günü rəfiqəsi onlara gəlib və saat 11-dən saat 16:30-dək onlarda olub:

"Həmin gün günorta bibim və əmimin arvadı da mənimlə Səfər arasında olan boşanma söhbətini danışmaq üçün bizə gəldilər. Gün ərzində Səfərin çardağın şiferində gizlənməsini bilməmişəm. Səhər tezdən axşamadək evdə olmuşam. Anam isə bağ tərəfdə moruq toplayırdı.

Axşamüstü bağ tərəfə keçdim və bir neçə dəqiqə sonra işimi qurtardım. Geri qayıdanda Səfərin çardağın uc tərəfində tüfəngi mənə tuşlayaraq durduğunu gördüm. Lakin qışqırmadım, donaraq qaldım. Səfər mənə doğru nişan aldı, iki-üç saniyə sonra atəş açdı. Güllə sağ qoluma dəydi, qırmaları isə bədənimə doldu. Atəş açandan sonra qışqıraraq evin küncünə girdim. Atam qaça-qaça gələrək üzərimə uzandı ki, birdən ikinci güllə də atılar, lakin atam güllənin hansı istiqamətindən atıldığını bilmədi. Məni avtomobilə mindirərək xəstəxanaya apardılar".

"Məndən xoşu gəldiyini yazdı"

İstintaq zamanı Fidanın telefonda yazışdığı oğlan müəyyən edilib. Məlum olub ki, həmin şəxs 11-ci sinfi bitirmək üzrə olan Sərxan adlı şəxsdir.

Sərxan bildirib ki, ilk dəfə Fidan ona mesaj yazıb:

"Mənə mesaj gəldi, "salam" yazılmışdı. Mən də "salam" yazaraq kim olduğunu soruşdum. Fidan olduğunu, məni tədbirdə görərək xoşu gəldiyini yazdı. Daha sonra mənə öz şəkillərini göndərdi. Fidanın evli olduğunu bildiyim üçün onunla əlaqəni kəsdim".

Sərxan qeyd edib ki, birinci dəfə yazışanda Fidan ona evli olduğunu deməyib:

"Bir müddət danışdıqdan sonra mənə evli olduğunu və ərinin işləmək üçün Moskva şəhərinə getdiyini dedi. Fidan mənimlə görüşmək istədiyini dedi. Aramızda yalnız yazışma olub. Son vaxtlar mənimlə soyuq danışdığı üçün başqa şəxslərlə münasibətdə olduğunu düşünmüşəm".

"Çılpaq şəkillərini atdığını dedi"

Fidanın digər münasibətdə olduğu Pərvizin sözlərinə görə, Fidanı Sərxan vasitəsilə tanıyıb:

"İyunun 18-də Sərxanla görüşdüm. O, Fidan adında bir qızla danışdığını, hətta qızın ona çılpaq şəkillərini atdığını dedi. Mənə Fidanın atdığı çılpaq şəkilləri də göstərdi. Şəkillərə baxarkən nömrəni əzbərlədim. Axşam Fidana zəng etdim və onunla tanış oldum. Mən xeyli müddət Fidanla telefonda danışdım. O, Sərxanla mübahisə edərək əlaqəni kəsdiyini dedi. Fidanın evli və iki övladı olduğunu bilmirdim. Sonuncu dəfə iyunun 21-də danışmışıq. Həmin gün Fidanın əri Səfər mənə zəng etmişdi. Ona Fidanın evli olduğunu bilmədiyimi dedim. Fidanın ailəli olduğunu bildikdən sonra onunla əlaqəni kəsdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səfər doqquz il altı ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.