22 yaşlı oğlanı vurub öldürən sürücüyə hökm oxundu

24
May
15:36
thumb_down 0

Bu ilin 6 yanvar tarixində saat 19 radələrində Balakəndə ağır yol-nəqliyyat hadisəsi törətmiş 1993-cü il təvəllüdlü Ülvi İsmayılovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Ülvi İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Ü.İsmayılov Püştətala kəndində idarə etdiyi "Mercedes" markalı mikroavtobusla yolu keçən 22 yaşlı Abdulla Kənan oğlu Alqayevi vurub. Piyada aldığı xəsarətlərdən həmin gün vəfat edib.

Ülvi İsmayılovun Zaqatala-Balakən istiqamətində sərnişindaşıma fəaliyyəti göstərdiyi məlum olub. Abdulla isə həmin vaxt evdən çıxaraq çayxanaya gedirmiş.

Məhkəmədə mərhumun atası sürücüdən şikayətçi olduğunu bildirib və ona ağır cəza tələb edib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ü.İsmayılova 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 31 yaşlı sürücü məhkəmə zalındaca həbs edilib. Onun cəza müddətindən sonra 2 il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılıb.