"Bu, rəqs müsabiqəsi yox, məhz kino ulduzu şousu idi. 6 mindən çox hindistanlı iştirak üçün kastinqə gəlmişdi. Mən 6 min adamın arasından seçilmiş 12 nəfərdən biri və yeganə azərbaycanlı idim. Yekunda o şounun qalibi oldum!"
Bu fikirləri "Kaspi" qəzetinə müsahibəsində aktrisa və prodüser Oksana Rəsulova deyib. O, teatr, kino və sənət haqqında danışıb.
- Sizdə Hindistana sevgi haradan yaranıb?
- Uşaqlığım Rusiyada keçib. O illərdə hind filmləri, musiqiləri dəbdə idi. Mən də çox sevirdim. Hind rəqsləri, hind dili maraqlı idi, öyrənməyə başladım. O vaxt internet yox idi. Mahnılara qulaq asırdım, subtitrlərə baxır, araşdırır, kitabxanada materiallar oxuyurdum. Belə-belə gördüm ki, mən artıq Hindistanı yaxşı tanıyıram. Artıq nəinki ştatları, küçələri də əzbər bilirdim. Bununla yanaşı, dərsimi də çox yaxşı oxuyurdum. Doqquzuncu sinifdə artıq aktrisa olmağa qərar vermişdim. Məni buna hind filmləri həvəsləndirmişdi. Amma atam razılıq vermədi. Ürəyimdə aktrisa olmaq arzusu ilə Tibb Akademiyasının ginekologiya fakültəsinə daxil oldum. Doqquz il təhsil alaraq həm ginekoloq, həm də dəri-zöhrəvi həkimi oldum. Bakıya gələnə qədər bir müddət Rusiyada ixtisasım üzrə işlədim.
- Rusiya Prezidenti Vladimir Putin xeyriyyə konsertində iştirakınıza görə sizə təşəkkür məktubu göndərib?
- Bəli. Oxuduğum akademiyanın özfəaliyyət dərnəkləri vardı, mən də rəqslə məşğul olmağa başladım. Orada bir çox nailiyyətlərim oldu, diplomlar aldım, akademiyamız mənim çıxışlarımla həmişə festivallarda yaxşı yerlər tutdu. Hətta 2006-cı ildə Vladimir Putin Moskvada xeyriyyə konsertində iştirakıma görə akademiyamıza təşəkkür məktubu göndərmişdi. 2005-ci ildə keçirilən müsabiqədə üçüncü, 2007-ci ildə ikinci dərəcəli laureat, 2009-cu ildə isə beynəlxalq müsabiqənin qalibi olmuşam.
- Niyə həkim kimi fəaliyyət göstərmədiniz?
- 2008-ci ildə Azərbaycana gəldim. Baxmayaraq ki, həkim idim, yaradıcılıq ruhu məni heç vaxt tərk etmədi. Burada müəyyən səbəblərdən küsdüm, kənara çəkildim. Başa düşdüm ki, Azərbaycanda həkim kimi fəaliyyət göstərə bilməyəcəyəm. Rusiyaya qayıtmaq istəmədim, yenidən rəqslə məşğul olmaq qərarına gəldim. 2008-ci ildə məktəb yaratdım. Hindistan səfirliyi ilə əlaqəli işlədim. Hindistanı Azərbaycana və Azərbaycanı Hindistana mədəniyyət baxımından ən çox tanıdan mən olmuşam. Hazırda rəqsdə olmasam da, onlarla işimi davam etdirirəm.
- "Bollywood"da təhsil almaq sizə nə verdi?
- 2009-cu ildən başladım filmlərə çəkilməyə. İlk çəkildiyim film "Mənim atam" festival filmi oldu. Ondan sonra film, reklam təklifləri gəldi. Düşündüm ki, bunun təhsilini almalıyam. 2012-ci ildə Hindistana "Bollywood"da Anupam Kherin aktyorluq məktəbində təhsil almağa yollandım. Bizə kamera altında düzgün işləməyi elə mükəmməl öyrətmişdilər ki, gündəlik həyatımızda da elə bilirdik hər yerdə kamera var. Orada olduğum müddətdə də bir çox kastinqlərə qoşuldum, reklamlara çəkildim.
- Bildiyim qədərilə Fuad Poladov filmə görə sizə xeyir-dua vermişdi...
- 2014-cü ildə Bakıya qayıdanda "Zaman atlı qatar" adlı filmdə baş rolda çəkildim. Elə həmin il öz prodakşnımı yaradaraq filmlər çəkməyə başladım. "Şər qarışanda" filmi prodüser kimi ilk filmim oldu. Kino sektorunda ən böyük dəstəkçim Fuad Poladov olub. O, filmlə bağlı "Oksana, mən bu filmə baxdım, elə bildim ki, bu sənin birinci yox, yüzüncü filmindir. Filmin ssenarisində, süjetində müəyyən səhvlər var, amma sənin oyununda heç bir səhv yoxdur, belə də davam elə", - dedi. Fuad müəllimdən bunu eşitmək mənim üçün həm xeyir-dua, həm də böyük bir məsuliyyət idi. Mən çox xoşbəxt idim.
- "Hindistanın ən parlaq kino ulduzu ol" şousunda qalib olmağınız necə reallaşdı?
- 2014-cü ildə Hindistanda "Racc Kapur film studio"da keçirilən, ZTV-də yayımlanan "Hindistanın ən parlaq kino ulduzu ol" adlı realiti şouda iştirak etdim. Bu, rəqs müsabiqəsi yox, məhz kino ulduzu şousu idi. 6 mindən çox hindistanlı iştirak üçün kastinqə gəlmişdi. Mən 6 min adamın arasından seçilmiş 12 nəfərdən biri və yeganə azərbaycanlı idim. Yekunda həm də o şounun qalibi oldum!
Şou boyu bizə müəllimlər səhnə, aktyorluq, düzgün tələffüz, rəqs, bədən dili, gimnastika, yoqa və s. öyrədirdilər. Hər həftə sonu şou bütün Hindistana yayımlanır, SMS vasitəsilə həftənin qalibi seçilirdi. Xarici vətəndaş bir mən olduğumdan daha çox diqqət mərkəzində idim. Hər həftə çıxışım zamanı bayrağımız dalğalanırdı və finalda bayrağımız qaldırılan an çox böyük sevinc və qürur hissi yaşadım.
Artıq ölkəmizi də tanıyır, mənə "Oksana from Azerbaijan" deyirdilər. 2012-2017-ci illər ərzində Hindistanda seriallar, reklamlar, sosial çarxlarda yer aldım. Azərbaycanda 16-17 filmdə baş rolda və bir neçə serialda çəkildim. Öz prodakşnımda isə "Şər qarışanda", "Mələyin öpüşü", "Sevgi romanı" adlı üç film, "Lal yuxu", "Yalan həqiqət", "Son nəfəs", "Sara" seriallarını ərsəyə gətirdim.
- Sizcə, teatrın ruhu, canı nədir?
- Teatrın ruhu əsərdir, bədəni aktyordur. Digər tərəfdən isə səhnə bədəndir, ona ruh və can verən aktyorun özüdür. Hazırda Vidadi Həsənovun yaratdığı "M Teatr"ın səhnəsində müxtəlif obrazlar yaradıram. Bu, mənə xüsusi zövq verir. Özümü burada tapdım, hiss etdim. Nə gözəl ki, böyük sənətkarımız Vidadi Həsənov mənə inandı, güvəndi. Həmçinin aktyorlar Ziya Ağa, Etibar İbadullayev və digərləri mənə dəstək oldular. Hamısına minnətdaram. Nə gözəl ki, "M teatr" var. Və nə gözəl ki, mən də "M teatr"dayam!