Futbol meydançasındakı söyüşə görə mübahisə qanla nəticələndi - HÖKM

7
İyn
10:36
thumb_down 0

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xalid Qarazadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilən valideyn nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, Xalid Qarazadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İttihama görə, 2005-ci il təvəllüdlü Xalid Qarazadə 2023-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarant şəhərciyi"ndə yerləşən futbol meydançasında futbol oynayan zaman tanışı, zərərçəkmiş Samir Həsənovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin Xalidin və oyun yoldaşlarının ünvanına söyüş söyməsi olub. Sonra mübahisə "Qarant şəhərciyi"ndə yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında davam edib. Bu zaman o, əlindəki bıçaqla Samirin sağ yan hissəsinə qəsdən bir dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Hadisədən sonra Xalid Qarazadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.