Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb

15
İyn
17:54
thumb_down 0

Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıblar, faktla bağlı 14 nəfər saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.

Müəyyən edilib ki, 08-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən "Telegram" sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212 000, 20 000, 4 400, 4 000, 500 dollar, eləcə də 21 530, 10 000, 5 300, 7 700 , 4 570, 4 000, 2 000 manat olmaqla ümumilikdə 10 vətəndaşa 240 900 ABŞ dolları və 55 100 manat maddi ziyan vurublar.

Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər", - deyə məlumatda qeyd olunub.