"Araşdırma istiqamətimiz maliyyə bazarlarının strukturu ilə bağlıdır. Müasir maliyyə bazarlarının olduğu ABŞ, Avropa, Yaponiya kimi yerlərdə investorları iki qrupa bölə bilərsiniz".
Bunu seher.media-a açıqlamasında dünyanın ən məşhur maliyyə jurnalında - "Journal of Financial Economics"də məqaləsi yayımlanan azərbaycanlı alim Xaləddin Rzayev deyib.
"İnvestorların bölündükləri qruplar bir-birindən satınalma sürətlərinə və informasiyanı emaletmə bacarıqlarına görə fərqlənirlər. Birinci qrupa daxil olan investorlar bazarda olduqca güclü və sürətlidirlər. Bunlara "High-frequency trading" (yüksək intensivlikdə alqı-satqı edən) qrup deyirlər. Bu qəbildən olan şirkətlər olduqca sürətli kompüterlərdən istifadə etməklə öz xüsusi şəbəkələrinə sahibdirlər", - deyə X.Rzayev bildirib.
Onun sözlərinə görə, məqalənin mövzusu həmin qrupun səhm bazarına təsirinin araşdırılması olub.
Araşdırmada opsion bazarlarında baş verən proseslər, böyük şirkətlərin səhmlərinin alınması üçün sənədlərin əldə edilməsi prosesi öz əksini tapıb.
R.Xaləddin bildirib ki, məqalədə qeyd olunan ən ümdə və maliyyə bazarları üçün yeni məqam ondan ibarətdir ki, aqressiv treyd edən investorların maliyyə bazarlarına təsiri mənfidir.
"Ümumilikdə məqalənin bu səviyyəyə çatması və çap edilməsi üçün beş il araşdırma aparılıb", - deyə o bildirib.
Qeyd edək ki, professor Xaləddin Rzayev hal-hazırda Böyük Britaniyanın Edinburq və Türkiyənin Koç universitetlərində maliyyə üzrə mühazirələr deyir.
Məqaləylə ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz.
Aytac Qasımova