Bakının Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə seher.media-a Sabunçu Rayon Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, iyunun 28-də saat 00:30-da paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.