Yanacaq hansı şərtə görə bahalaşmalıdır?

1
İyl
11:36
thumb_down 0

Pərviz Heydərov yazır...

Ölkəmizdə yanacaq məhsullarının, konkret desəm, benzin ilə dizel yanacağının pərakəndə satış qiyməti sonuncu dəfə üç il bundan qabaq, yəni 2021-ci ildə artırılmışdı. Tarif (qiymət) Şurası 4 yanvar 2021-ci il tarixdə növbəti iclas keçirərək aidiyyətli qurumun müraciətinə baxaraq müvafiq qərarlar qəbul etmişdi.

Söhbət, Dövlət Neft Şirkətindən (SOCAR) gedir ki, adı çəkilən qurum Şuraya müraciət edərək ölkədə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərini artırmağı təklif etmişdi.

Bu əsas etibarilə, həmin məhsulların keyfiyyətini yüksək standartlara çatdırmaq, ekoloji mühiti yaxşılaşdırmaq, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərini davam etdirməklə 2022-ci ilin iyun ayınadək ölkədə "Avro-5"-ə uyğun dizel yanacağı, 2023-cü ilin eyni ayınadək isə Aİ-92 markalı avtomobil benzin istehsalına başlamaq istəyi ilə əsaslandırılmışdı.

Nəticədə o vaxtdan Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağı isə 80 qəpik müəyyən edildi. Bununla, həm də sonuncudan istifadənin ekoloji zərəri nəzərə alınaraq, daha çox benzin istehlakına keçmək üçün hər iki yanacaq arasında qiymət fərqi də azaldılmış oldu.

Bundan əvvəlsə, dizel yanacağı üzrə qiymət tənzimlənməsi sonuncu dəfə 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində nəzərdən keçirilmişdi.

Qiymətlərin artımı ilə bağlı bir neçə əsas səbəb göstərilir.

Bunlar hansılardır?

Birincisi, ölkədə sözügedən yanacaq məhsulları növünə tələb artıb, yəni üç il əvvəlki səviyyədə deyil. Cari ilin yanvar-aprel aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988 milyon 400 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Bu ilin ilk dörd ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8%-ini avtomobil benzini ilə dizel yanacağının alışı təşkil edib.

İkincisi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ-də) neçə illərdir aparılan yenidənqurma və modernləşdirmə işləri nəticəsində keçən ilin mayında "Avro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlanmışdısa, bu ilin iyununda da eyni standarta uyğun avtomobil benzini istehsal etmək nəzərdə tutulur.

Adıçəkilən zavodda görülən işlər çərçivəsində bu il izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Ötən ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib ki, nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal olunub. Neft emalı dərinliyi isə 98% (2022-ci ildə - 96,3%) təşkil edib.

Yəni, istehsal xərcləri və maya dəyər artıb. BNEZ-in gücü hazırda ildə 6,5 milyon ton təşkil etsə də, görülən işlər başa çatdıqdan sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel, 1 milyon ton təyyarə yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal edəcək.

Layihənin tam başa çatdırılması isə 2027-ci ilə planlaşdırılır.

Üçüncüsü isə, dünyada gedən prosesə uyğun olaraq Azərbaycanda da elektromobillərdən istifadəni genişləndirmək siyasəti yürüdülür ki, bunun üçün müxtəlif stimullaşdırıcı, yəni məsələn, qeyd edilən avtomobillərin ölkəyə gətirilməsi zamanı mühərrikin həcminə görə idxal dövlət gömrük rüsumu, ƏDV-nin alınmaması və sair kimi qərarlar qəbul olunmaqla yanaşı, benzin və dizelli avtomobillərin alışını da məhdudlaşdırmaq məqsədilə digər vasitələr tətbiq etmək düşünülür ki, bunun ən yaxşı üsullarından biri isə həm də yanacağın qiymətini qaldırmaq sayılır.

Göründüyü kimi hər üç səbəb əslində, kifayət qədər əsaslıdır.

Tarif (qiymət) Şurası Aİ-92 və dizel yanacağının qiymətlərini ona görə nəzarətdə saxlayır ki, həmin məhsullar üzrə bazarda tələb ilə təklifin nisbətində ən təsir və təzyiqedici faktorları idarə etmək və lazım gəldikdə, bloklamaq mümkün olsun.

Çünki yanacağın qiyməti təkcə Azərbaycan kimi iqtisadiyyatı olan ölkələrdə deyil, hər yerdə "domina effekti" rolunu oynamaq iqtidarındadır. Bu, çox ciddi təhlükə xarakterli məsələdir. Başqa sözlə, yanacaq məhsullarının qiyməti bütün növ qida və qeyri-qida növ istehlak mallarının inflyasiya barometri sayılır.

Bəli, son 3 ildir ölkəmizdə Aİ-92 ilə dizelin pərakəndə satış tarifləri dəyişmir. Ona görə yox ki, buna zərurət yaranmayıb, xeyr. Sadəcə, bir çox hallarda hökumət vəziyyəti basqı altında saxlayıb və saxlayır. Ancaq demək olar, hər 3-4 ildən bir bu sahədə qiymət siyasətinə baxılıb və baxılmalıdır da.

Real şəraitin diktəsi isə bundan ibarətdir ki, tarifləri növbəti dəfə nəzərdən keçirmək üçün yuxarıda qeyd olunan üç əsas səbəbdən xüsusən ikincisi daha çox diqqət mərkəzinə alınmağı tələb edir. Söhbət, ölkəmizdə də "Avro-5" standartlarına uyğun yanacaq məhsullarının istehsalına başlanmasından gedir ki, keyfiyyət artdığı təqdirdə tariflər şübhəsiz, əvvəlki səviyyədə qala bilməz.

Ümumiyyətlə, sözügedən məsələdə ölkəmizdə əsas strateji məqsəd yüksək rəqabətqabiliyyətli məhsul istehsal etmək olaraq götürülməlidir ki, həm daxili bazarda tələbi ödəmək mümkün olsun, həm də yeri gələndə ixrac. Sual olunur, bir az imkanlı avtomobil sahibləri hətta onların avtomobillərində Aİ-92-dən istifadə edilə bilindiyi halda, nəyə görə Aİ-95 markalı benzinə meyil edirlər?!

Yüksəkoktanlı olduğuna görə? Xeyr. Keyfiyyətə və həmin yanacaq növü ölkəyə məhz kənardan gətirildiyinə görə...

Odur ki, Azərbaycanda da tezliklə keyfiyyətli, rəqabətədavamlı və ixracqabiliyyətli benzin istehsal etmək istəyiriksə, qiymətləri əslində yaxın gələcəkdə həm də ümumiyyətlə buraxmaq lazımdır.

Qeyd edək ki, bu gündən etibarən dizel markalı yanacağın qiyməti dəyişdirilərək 0,8 AZN-dən 1 AZN-ə, Aİ-92 markalı yanacağın qiyməti 1 AZN-dən 1,1 AZN-ə çatdırılıb. Aİ-95 markalı yanacağın qiyməti isə 2 AZN-dən 1,6 AZN-ə endirilib.