Əlverişsiz hava şəraiti çay plantasiyalarına necə təsir edib?

7
İyl
01:18
thumb_down 0

Azərbaycanın bölgələrində iyun da daxil olmaqla yaz aylarında hava qeyri-sabit keçib. Bölgələrə yağan aramsız yağışlar, dolu nəticəsində kənd təsərrüfatına ziyan dəyib. Bu, bostan-tərəvəz məhsullarının da yetişməsinə öz təsirini göstərib. Bəzi bölgələrə yağan dolu nəticəsində meyvələr məhv olub.

Bəs əlverişsiz hava şəraiti çay plantasiyalarına necə təsir edib?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, havanın qeyri-sabit keçməsi çay yığımını ləngidir:

"Çay plantasiyasında işlərin pozulmasında hava şəraitinin rolu böyükdür. Çay yazdan başlayaraq payıza qədər yığılır. Çay kolları havalar tamamilə soyuyana qədər məhsul verir, yəni yarpaqlayır və yarpaqları yığılır. Ona görə də son üç ayda havanın qeyri-sabit keçməsi çay yığımını əngəlləyir, yağış yağırsa, çay yığımı mümkün deyil. Çay kollarının dibi yaşdırsa, palçıqdırsa, onun qurumağını gözləyirlər. Bu baxımdan çay yığımı ləngiyir. Statistikadan da məlum olacaq ki, keçən ilin eyni dövrü ilə müqayisədə daha az yaşıl çay yarpaqları yığılıb".

Ekspert tez-tez yağan dolunun çay yarpaqlarını məhv etdiyini bildirib:

"Dolu düşməsi isə ümumi məhsuldarlığı aşağı salır. İkinci bir tərəfdən, yağış yağanda da məhsuldarlıq aşağı düşür. Çünki yığılacaq çay qocalır, yararsız hala düşür. Yəni ümumi götürəndə, hava şəraitinin qeyri-sabit, əlverişsiz keçməsi çay təsərrüfatına zərər vurur. Yağış yığımı azaldır, dolu isə çay yarpaqlarını zədələyir".