Əhalinin real gəlirləri nə qədər artıb?

12
İyl
12:18
thumb_down 0

Pərviz Heydərov yazır...

Ölkədə ortaaylıq nominal əməkhaqqı artmaqda davam edir. Bu ilin yanvar-may aylarında iqtisadiyyatda muzdla çalışan işçilər üzrə qeyd olunan göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 9,4% artaraq 1 003,3 manat təşkil edib.

Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində sözügedən göstərici daha yüksək olub.

Yeri gəlmişkən, cari ilin iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 749,4 min nəfər təşkil edib ki, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşüb.

İqtisadiyyat Nazirliyi tərəfindən keçən il təqdim edilən proqnoza əsasən, bütövlükdə 2024-cü il ərzində ortaaylıq nominal əməkhaqqı göstəricisinin ilkin olaraq 980 manat olacağı göstərilmişdisə, bir sıra makroiqtisadi rəqəmlərə əsasən, onun 990 manat olacağı gözlənilir.

Göründüyü kimi, gedişat bunun artıqlaması ilə özünü doğruldacağını diktə edir. Bəs bu, əhalinin, dəqiq qeyd etsəm, muzdla çalışanların real gəlirlərinin də artdığına dəlalət edirmi?

Qabaqcadan qeyd edim ki, yox. Bu ilin yanvar-iyun aylarında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 36,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə isə 5,2 % artıq olub.

Ümumiyyətlə, ilin ötən altı ayı ərzində pərakəndə ticarət şəbəkəsindən alınan mallara xərclənilən vəsaitin 50,6%-i ərzaq, 4,6%-i içki ilə tütün məmulatlarının, 12,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini ilə dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları ilə tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Altı ay ərzində pərakəndə ticarət şəbəkəsində əhali qismindən bir nəfər orta hesabla ayda 445,7 manatlıq mal və məhsul alıb ki, bunun 245,9 manatı ərzaq, içki və tütün məmulatlarının, 199,8 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Göründüyü kimi, əslində, əhalinin xərcləri artıb. Əhalinin real gəlirləri də artıbmı? Xeyr. Bu, heç də real gəlirlərin artması hesabına baş verməyib və vermir də...

Göstərilən rəqəmlərdə istehlak qiymətlərinin yüksək olması və ümumən yaşayış minimumu imkanlarının bahalaşması faktorunun təsiri böyükdür və bu, daha geniş rol oynayır.

Düzdür, qeyd oluna bilər ki, ötən altı ay ərzində ölkədə istehlak qiymətləri indeksi cəmi 0,7% olub ki, bu, heç də çox deyil. Ancaq bu, bilavasitə bahalaşmanın dayandığını ehtiva edir, ucuzlaşmanı deyil. Ölkənin istehlak bazarında qiymətlər kifayət qədər yüksəkdir.

Məsələn, yuxarıda qeyd etdiyim rəqəmlərdən adi bir misal çəkim: cari ilin iyul ayının 1-dən qiymət dəyişiklikləri olmadan öncə, yəni ötən altı ay ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 557,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çox deməkdir.

Odur ki, ortaaylıq nominal əməkhaqqı göstəricisi, əslində, bir çox şeyi ifadə etmir desəm, yanılmaram. Əvvəla, burada söhbət vergi və bütün növ sosial ödənişlərlə birgə əməkhaqqı fondlarının cəmindən və onun mövcud işçi sayına bölünərək alınan göstəricidən gedir.

Eyni zamanda, gizli məşğulluğun üzə çıxarılması nəticəsində əmək müqavilələrinin bağlanması sayı da ortaaylıq nominal əməkhaqqıya təsir edir.

Hansı ki, 2019-cu ildən bəri ölkə üzrə bu sahədə ciddi irəliləyiş əldə edilib və 580 mindən çox əmək müqaviləsi bağlanıb. Nəticədə ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb, xüsusən də, özəl sektorda əmək müqavilələrinin sayının çoxalması buna daha çox rəvac verib. Təkcə son altı ayda əmək müqavilələrinin bağlanması sayı 69 min ədədi keçib.

Ona görə də girişdə qeyd etdiyim kimi, ölkədə ortaaylıq nominal əməkhaqqı göstəricisi durmadan yüksələn xətt üzrə inkişaf edir və görünən budur ki, proses hələ davam edəcək. Ancaq bu, sosial aspektdə əhalinin müdafiəsini gücləndirmək baxımından, 2019-cu ildən başlanılan siyasətdə durğunluq yaranması üçün əsla yol açmamalı və heç bir əsas yaratmamalıdır.

Hətta il ərzində ortaaylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinin istehlak qiymətləri indeksindən yüksək olub-olmaması da qeyd olunan məsələdə ciddi istinad mənbəyi sayılmalı deyil.

Yeri gəlmişkən, ilin əvvəlində yazdığım yazılarımda qeyd etmişdim ki, 2024-cü il üçün növbəti sosial paket icra etmək nəzərdə tutulmayıb. 2019-cu ildən bəri isə dörd sosial paket həyata keçirilib.

Əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə ortaaylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalara əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun olaraq hesablanması qanunvericilikdən irəli gələn tələb olduğundan heç bir sosial paket məsələsi sayılmır.

Yəni bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək. Odur ki, tezliklə beşinci sosial paketin icra olunmağa başlanmasına ehtiyac var. Hələliksə məlum olan budur ki, ölkədə bir yandan aylıq minimum əməkhaqqı sisteminin saatlıq üzrə əvəz ediləcəyi, digər yandan da aylıq minimum əməkhaqqının özünün artırılacağı deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birinci ilə bağlı bu ilin iyul ayının 1-dək, ikinci ilə bağlı isə noyabrın 1-dək təkliflərin hazırlanıb veriləcəyi deyilib.