Nizaməddin Quliyevin 600 minlik əmlakı uğrunda mübarizə bitdi

18
İyl
12:54
thumb_down 0

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə olunmuş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmə məsələ ilə bağlı yekun qərar verib.

N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.

Yüksək instansiya məhkəməsi isə hüquqi varisin istəyini əsaslı hesab etməyib. Məhkəmə belə qənaətə gəlib ki, prokurorun əsaslı protesti ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Bu səbəbdən kassasiya şikayəti rədd edilib.

Son qərar da elan edildiyinə görə, icra məmuru dövlət nəfinə alınan əmlakı hərrac təşkilatı vasitəsilə satışa çıxaracaq.

Qeyd edək ki, N. Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birgə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. İki il sonra N.Quliyev həbsdə koronavirusdan ölüb. Ölümündən sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib.

Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsini ləğv edib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əvvəlki qərarını pozub, əmlakların yenidən müsadirəsinə qərar verib.