SOCAR-ın fəaliyyətində yeni mərhələ: "Yaşıl gündəlik"

15
Avq
11:54
thumb_down 0

Son illər dünya sürətlə "yaşıllaşma" istiqamətində addımlar atır. Nəqliyyat vasitələrin sayında müşahidə olunan artım və sənaye istehsalının genişlənməsi nəticəsində havaya atılan çirkli qazların və tullantıların fonunda artıq bəşər övladları həyacan təbili çalmağa başlayıblar. Əsas məqsəd və hədəf iqlim dəyişikliyinin, havaya atılan emissiyaların qarşısını almaq, karbonlaşmanı azaltmaqdır. Dünyanın ən nüfuzlu təşkilatlarından biri olan BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) keçirdiyi sessiyalarda "yaşıllaşma" yollarını axtarır, havaya atılan emissiyaların həcmini sıfıra endirmək üçün əməli tədbirlər görür.

Belə tədbirlərdən biri də (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək ki, artıq indidən dünyanın təmiz gələcəyini düşünən böyük bir qismin fikri və diqqəti məhz Azərbaycandadır.

Neft-qaz şirkətindən enerji şirkətinə çevrilmə

Bütün bunların fonunda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) qlobal enerji bazarlarında özünün mövqelərini möhkəmləndirmək və fəaliyyətini şaxələndirmək əzmindədir.

Belə ki, bir zamanlar neft və qaz şirkəti kimi tanınan, indi isə dekarbonizasiya yolunda inamla irəliləyən SOCAR enerji keçidi dövründə lider kimi mövqeyini möhkəmləndirməkdədir.

Bütün bunlar, eyni zamanda, SOCAR-ın davamlı inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər sırasındadır.

SOCAR qlobal iqlim dəyişikliyi probleminin aktuallığını daim diqqət mərkəzində saxlamaqla özünün fəaliyyət sahələrində emissiyaların davamlı olaraq azaldılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bu məqsədlə SOCAR özünün strategiyasında dekarbonizasiya və enerji keçidi hədəflərini müəyyənləşdirib. Qeyd olunan hədəflər və onlara çatmaq üçün həyata keçirilən tədbirlər emissiyalara dair götürülmüş öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, habelə bu sahədə digər beynəlxalq və regional təşəbbüslərin icra olunmasına öz müsbət töhfəsini verməkdədir. Bu fəaliyyət SOCAR-ın korporativ sosial öhdəliyi ilə yanaşı, neft-qaz şirkətindən enerji şirkətinə transformasiyası istiqamətində atılan çox ciddi addımların göstəricisidir.

Dekarbonizasiya üçün hədəflər

Ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də aktiv iştirak edən SOCAR geniş ictimaiyyət qarşısında özünün ortamüddətli və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəflərini elan edib.

Belə ki, bu hədəflərə 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfıra endirilməsi, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər SOCAR-ın birbaşa aktivləri üzrə "upstream" seqmentində emissiya intensivliyinin 30% azaldılması, 2022-ci ilin göstəricisi ilə müqayisədə yenə də şirkətin birbaşa aktivləri üzrə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30% və ümumi emissiyaların həcminin 20% azaldılması aiddir.

Bundan başqa, bu hədəflər arasında şirkətin aktivləri üzrə 2035-ci ilə qədər "upstream" seqmentində sıfıra yaxın metan hədəfi, 2050-ci ilə qədər "xalis sıfır"a nail olmaq daxildir.

Belə məlum olur ki, SOCAR-ın strategiyasının mərkəzində 2050-ci ilə qədər "sıfır emissiya"ya nail olmaq kimi iddialı bir hədəf durur. Bu, istixana qazı emissiyalarının əsaslı şəkildə azaldılması, bərpaolunan enerji mənbələrinə investisiya qoyulması və innovativ texnologiyaların tətbiqi deməkdir.

Müəyyənləşdirilmiş hədəflər istiqamətində artıq əməli tədbirlər də reallaşdırılmaqdadır.

Hədəflərə çatmaq üçün addımlar

SOCAR qeyd olunan hədəflərə çatmaq üçün tədbirlərin müəyyənləşdirilməsi, aşağı karbonlu layihələrin inkişaf etdirilməsi, habelə neft-qaz əməliyyatları prosesində dekarbonizasiyanın təmin edilməsi üçün dünyanın nüfuzlu və bu sahədə zəngin təcrübəyə malik şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir.

Bu xüsusda, "Boston Consulting Group" (BCG) məsləhətçi şirkəti ilə qurulan əməkdaşlıq çərçivəsində iki illik "SOCAR C&S LightHouse" layihəsinə start verilib.

Layihə çərçivəsində süni intellektə əsaslanan metan idarəetmə platforması yaradılacaq ki, bu da SOCAR-a bu güclü istixana qazının emissiyalarını daha dəqiq izləməyə və azaltmağa imkan verəcək.

SOCAR ilə BCG məsləhətçi şirkəti tərəfindən icra olunan "SOCAR C&S LightHouse" layihəsi çərçivəsində metan emissiyalarının mövcud vəziyyətini qiymətləndirmək, mənbələrini xəritələşdirmək, rəqəmsal monitorinqi alətini yaratmaq və yeni emissiya hesabat prosedurlarını qurmaq üçün süni intellektə əsaslanan metan idarəetmə platformasının yaradılması nəzərdə tutulub. Bu platforma gələcəkdə metan emissiyaları ilə əlaqədar hesabatvermə və emissiyaların monitorinqi sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, SOCAR emissiyaların azaldılmasına dair hesabatlılıq sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını və şəffaflığın artırılmasını əsas məqsədlərdən biri kimi qarşıya qoyub.

Ətraf mühitin qorunması məsələlərinə sadiqliyini daim nümayiş etdirən SOCAR 2023-cü ildə təşkil olunmuş COP28 zamanı irəli sürülən "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın ("Oil & Gas Decarbonization Charter" - OGDC) həmtəsisçilərindən olmaqla, Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. Bununla da SOCAR sözügedən Xartiyanın idarə edilməsində birbaşa iştirak edir. "OGDC" Xartiyasının əsas hədəfi üzv təşkilatların neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə "xalis sıfır"a nail olmaqdır. Dünya üzrə neft hasilatının 40%-ni həyata keçirən 50-dən çox beynəlxalq şirkət "OGDC" xartiyasını imzalayıb.

Neft-qaz əməliyyatı sahələrində formalaşan metan emissiyalarının dəqiq inventarlaşdırılması dekarbonizasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə SOCAR "Neft-Qaz İqlim Təşəbbüsü" (OGCI) ilə peyk əsaslı emissiya ölçülməsi layihəsini icra etmək niyyətindədir. Layihə çərçivəsində SOCAR-ın quruda yerləşən 5 neft-qaz əməliyyatı aparılan sahəsi üzərində "GHGSAT" şirkətinin peyk vasitələrindən istifadə etməklə metan emissiyalarına dair ölçmələrin aparılması nəzərdə tutulub. Bu layihə qabaqcıl texnologiyaların tətbiqi ilə emissiyaların daha dəqiq ölçülməsinə müsbət töhfə verəcək.

Həmçinin SOCAR BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində dronlardan istifadə etməklə emissiya ölçmələri layihəsinin icrasını planlaşdırır.

Şirkət, həmçinin emissiyalar üzrə beynəlxalq hesabat standartlarının hazırlanmasında və bu sahədə şəffaflığın artırılmasında fəal iştirak edir. Bu, şirkətə təkcə dekarbonizasiya sahəsində öz tərəqqisini nümayiş etdirməyə deyil, həm də bazar iştirakçıları üçün nümunə olmağa imkan verəcək.

"Yaşıl enerji" mənbələrinin inkişafına sərmayə

Emissiyaların azaldılması ilə yanaşı, SOCAR bərpaolunan enerji mənbələrinin inkişafına da sərmayə yatırır. Belə ki, BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkət günəş və külək enerjisi, eləcə də "yaşıl hidrogen" istehsalı üzrə bir sıra layihələr həyata keçirir. Bu layihələr təkcə SOCAR-ın enerji portfelini şaxələndirməyə kömək etməyəcək, həm də ölkədə istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək.

Müasir texnoloji imkanlardan istifadə etməklə metan emissiyalarının daha dəqiq inventarlaşdırılması SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində əsas istiqamətlərindən biridir. Bu məqsədlə SOCAR "TotalEnergies" şirkəti ilə birgə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatlarını həyata keçirir. Layihə çərçivəsində "TotalEnergies" və onun tərəfdaşları tərəfindən hazırlanmış "AUSEA" ("Airborne Ultralight Spectrometer for Environmental") texnologiyasından istifadə edilir.

Qeyd edək ki, "AUSEA" - metan emissiyalarını aşkarlayan, eyni zamanda onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış sensordan ibarətdir. Bu isə neft və qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verir. Bu sahədə ilkin tədqiqatlar "TotalEnergies"in Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə bu tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində aparılması nəzərdə tutulub. Layihə hazırda davam etdirilir.

Həmçinin hazırda SOCAR bp şirkəti ilə birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri ("Methane Guiding Principles" - MGP) çərçivəsində Qlobal Metanın Azaldılmasının İnkişafı ("Advancing Global Methane Reduction" - AGMR) təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi bp və SOCAR tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.

Emissiya həcmləri sertifikatlaşdırılaraq Avropaya satılacaq

Havaya atılan emissiyaların azaldılması üçün SOCAR tərəfindən, həmçinin "Neft Daşları"nda karbon krediti mexanizmi əsasında sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması - LDAR (Leak Detection and Repair) layihəsi həyata keçirilir. Layihə fəaliyyətinə sızmaların müəyyənləşdirilməsi, həcminin ölçülməsi, sızma mənbələrinin ləğv edilməsi və azaldılmış emissiya həcmlərinin sertifikatlaşdırılması daxildir. İnfraqırmızı kamera kimi ən müasir ölçmə avadanlıqlarının tətbiqi ilə layihə ərazisində ölçmələr aparılıb və 171 sızma mənbəyi müəyyənləşdirilib. Bu sahədə ixtisaslaşmış beynəlxalq validasiya şirkətinin audit yoxlamasının nəticələrindən sonra sızma mənbələrinin təmirinə başlanılıb. Layihə nəticəsində azaldılacaq emissiya həcmləri sertifikatlaşdırılaraq Avropa bazarında satılacaq.

Emissiyaların azaldılması ilə "Xalis sıfır" hədəfinə nail olmanın əsas yollarından biri də bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsidir. Bu fəaliyyət çərçivəsində SOCAR və "Masdar" şirkəti arasında imzalanmış Birgə İşlənmə Sazişləri üzrə müvafiq işlər həyata keçirilməkdədir.

Qeyd olunan sazişlər quruda 2 QVt gücündə günəş və külək enerjisi layihəsi (Meqa layihəsi) və dənizdə 2 QVt gücündə külək enerjisi, habelə "yaşıl hidrogen" layihəsinin (Hektor layihəsi) icrasını əhatə edir.

SOCAR-ın enerji şirkətinə çevrilməsi təkcə dəyişən bazar şərtlərinə cavab deyil, həm də şirkətin gələcək nəsillər qarşısında məsuliyyətinin əksidir.

SOCAR-ın enerji keçidinə sadiqliyinin göstəricisi

Hər il paytaxtda keçirilən və neft-qaz, enerji bazarı iştirakçıları üçün olduqca əhəmiyyətli olan "Bakı Enerji Həftəsi" də bütün bu yuxarıda qeyd edilənlər üçün bir stimul və vasitədir. Belə ki, iyunun 4-6-da paytaxtda təşkil olunan ənənəvi "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR "yaşıl enerji" layihələri istiqamətində bir sıra mühüm sazişlərə imza atıb. Əslində, bu, SOCAR üçün də bir ilk və bir yenilikdir.

Belə ki, SOCAR və "Masdar" şirkəti arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması Azərbaycanda "yaşıl enerji" sahəsində növbəti addımlardan biri olmaqla yanaşı, COP29-un ev sahibi kimi yaşıl dünya naminə enerji keçidinə sadiqliyinin göstəricisidir.

Bu layihənin icrası nəticəsində illik 2,3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Beləliklə, təməli qoyulan layihə ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına töhfə verəcək.

Eyni zamanda, SOCAR və bp şirkəti arasında birgə əməkdaşlıq nəticəsində hazırda Cəbrayıl rayonunda "Şəfəq" günəş enerjisi layihəsi icra olunmaqdadır. Bundan əlavə SOCAR və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında Azərbaycanda "yaşıl gübrə" istehsalına dair əməkdaşlıq sazişi imzalanıb. Saziş çərçivəsində icrası nəzərdə tutulan layihə ilə bağlı əməkdaşlıq davam edir.

Həmçinin SOCAR ilə "China Energy International Group Co.Ltd" şirkəti arasında Azərbaycan ərazisində bərpaolunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və bu istiqamətdə digər məsələləri nəzərdə tutan birgə əməkdaşlığa dair Saziş imzalanıb.

Qeyd olunanlardan əlavə SOCAR alternativ və bərpaolunan enerji layihələrinin genişləndirilməsi, "mavi hidrogen", emissiyaların idarə edilməsi, geotermal enerji, emissiyaların azaldılması həllərinin işlənib hazırlanması üzrə ən yaxşı təcrübələrin əldə edilməsi məqsədilə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və "Sirius" Beynəlxalq Holdinqi ilə də əməkdaşlıq sazişləri imzalayıb. SOCAR-ın bu kimi layihələri və strateji təşəbbüsləri ölkəmizin dayanıqlı inkişaf perspektivində mövqeyinin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynayacaq.

Beləliklə, qeyd olunan nəhəng layihələr, görülən əsaslı işlər deməyə əsas verir ki, SOCAR qabaqcıl beynəlxalq enerji şirkətinə çevrilmək yolunda inamla addımlayır. Müəyyənləşdirilən strateji hədəflər SOCAR-ın ölkəmizin dinamik inkişafındakı önəmli rolunu daha möhkəmləndirəcək.

"Report" İnformasiya Agentliyi