"Azad olunan ərazilərə səfər zamanı ətrafı zibilləyən şəxslərə qarşı daha ciddi tədbirlər görülməlidir".
Bunu "Report"a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, son günlər azad olunmuş bölgələrə ziyarətə gedənlərin əraziləri tullantılarla zibilləməsi hallarına rast gəlinir:
"Uzun illər həsrətində olduğumuz torpaqlarımız artıq işğaldan azad edilib. Biz bu gün onun hər qarışını müqəddəs olaraq qəbul etməklə oraları ziyarət edirik, həmçinin turistlər həmin ərazilərə gedirlər. Lakin bu ərazilər zibillənir, yəni absurd mənzərə ilə qarşılaşırıq".
H.Əlizadə, həmçinin vurğulayıb ki, Azərbaycan qanunvericiliyi ətraf-mühitin çirkləndirilməsinə qarşı cəzalar nəzərdə tutub:
"Belə ki, fiziki şəxslər 700 manatdan 1 000 manata qədər, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manata, hüquqi şəxslər isə 10 000 manata qədər cərimələnə bilərlər. Amma ən əsası ictimai qınaq məsələsini qabartmalıyıq. Ümumiyyətlə, təklif edərdim ki, bu hallara yol verən vətəndaşlar müəyyən edilərkən onların fotoları kütləvi informasiya vasitələrində yayılsın. Təklif edərdim ki, bu şəxslərin işğaldan azad edilmiş ərazilərə girişi, ümumiyyətlə, qadağan edilsin. Ən azından bu addım digər vətəndaşlar üçün də bir örnək olacaq. Yəni bu kimi ictimai tədbir və qadağalara üstünlük verməliyik. Maariflənmə işlərini artırmalıyıq ki, gələcəkdə bu hallar azalsın və ya heç baş verməsin".
Xidmət rəisi, həmçinin xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda həftənin iki günü - 4 və 6-cı günlər "Təmiz ölkəm" devizi altında təmizlik aksiyası keçirilir:
"Məqsədimiz ekoloji təmizlik cəhətdən əhalinin maarifləndirilməsidir".