DİQQƏT: Azərbaycanda yeni kiberdələduzluq - Sizin səsinizlə valideyninizdən pul alınır

26
Avq
16:18
thumb_down 0

Yeni, təhlükəli və daha qorxunc dələduzluq növü yayılıb.

seher.media xəbər verir ki, bununla bağlı texnobloqer Fərid Pərdəşünas sosial hesabında paylaşım edib.

O qeyd edib ki, artıq Azərbaycanda bu dələduzların qurbanları var və külli miqdarda vəsait talanıb.

"Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfdə olan səsinizin süni intellekt ilə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır.

Valideyndən təcili formada pul istənilir. Evdə nə var nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

Növbəti mərhələdə "oğul" valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır", - deyə texnobloqer yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov seher.media-ın sorğumuza cavab olaraq bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir.

"Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu ilə məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.

Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.

Qeyd edim ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Telegram" sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

Fürsətdən istifadə edib polisin kibermaarifləndirmə işinə yaxından dəstək olan, media subyektlərinə, bloqerlərə minnətdarlığımı çatdırırıq",- deyə açıqlamada qeyd olunur.

Əzizə İsmayılova