Heydər Məmmədov: "Şəki rayon prokurorluğunun inzibati binasında günəş panellərindən istifadə olunub"

27
Avq
13:00
thumb_down 0

Avqustun 27-də Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıblar.

Daha sonra Şəkidə "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması" mövzusunda elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransda çıxış edən baş prokurorun müavini Heydər Məmmədov istifadəyə verilmiş Şəki Rayon Prokurorluğunun yeni inzibati binası barədə danışıb.

Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən "Elektron Prokurorluq" İnformasiya kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki cihazlarla ilə təchiz olunub.

Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələlxüsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalistik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün "vizual tanıma istintaq otağı" və digər guşələr, hətta idman zalı da istifadəyə verilib.

Binanın işıqlandırılmasının bir hissəsini təmin etmək məqsədilə Alternativ enerji mənbəyi olan günəş enerjisini toplayan günəş panelləri quraşdırılıb.

"Təbii ki, Azərbaycan Prokurorluğun kollektivi - Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilən bu yüksək qayğıya görə təşəkkürünü bildirir və bu etimada uyğun olaraq gələcəkdə də böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini davam edərək cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi, sahəsində bütün qüvvələrini səfərbər edəcək", - deyə Baş prokurorun müavini nitqinə yekun vurub.