Sabunçu Rayon Sukanal İdarəsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Bu barədə seher.media-a vətəndaş Rəcəb Rəcəbov şikayət edib.
O bildirib ki, sözügedən idarənin nümayəndəsi sayğacdan ödənişlə bağlı bildirişi yazanda rəqəmdə xəta edib:
"Özü də bunu etiraf edib, çalışdığı müəssisəyə xəbər etdiyini dilə gətirib. Belə ki, o, 30 manat borc yerinə 330 manat yazıb. Dəfələrlə çağırış etmişik, gəlib baxıblar. Sayğacdakı rəqəmlər də yanlışlıq olduğunu sübut edir. Amma heç bir addım atılmayıb. Bizə dedilər ki, silinməsi çətin məsələdir, silinməyə də bilər".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan abonent Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşına ötən ay istifadə olunan suyun həcmini 1693 kub əvəzinə 1993 kub deyib:
"Bu səbəbə görə yanlışlıq olub. Məsələ ilə bağlı Sukanal İdarəsində avtomatik olaraq iş əmri açılıb, həlli üçün vətəndaşa köməklik göstəriləcək, yanlış qeyd olunan borc silinəcək.
Vətəndaşlardan xahiş edirik ki, sukanal idarələrinin əməkdaşlarına evlərə daxil olaraq sayğaclara baxmaları üçün şərait yaratsınlar ki, belə hallarla üzləşməsinlər".
Məhərrəm Əliyev