Azərbaycanda saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən Nəriman oğlu İsmayılovun apellyasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, R.İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olunub.
Fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Nəriman oğlu İsmayılov yuyucu vasitələri, şampun, maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.
Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232 750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldatmaqda ittiham edilib.
Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb.
Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib.
Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub.
Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmü çıxarılıb.
Həmçinin müxtəlif ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib.
Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 6 582 manat, 48 618 manat, 46 198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45 000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib.