Bakıda it amansızlıqla öldürülüb.
Bu barədə seher.media-a heyvan haqları fəalı Yelena Simakina məlumat verib.
O, hadisəni belə izah edib:
"Hövsanda parkda gecələyən Rahib adlı kimsəsiz oğlan küçə itlərini toplayır və onlara qayğı göstərir. Xəstə heyvanlarla qarşılaşdıqda onları mənim itlər üçün olan sığınacağıma gətirir.
Keçən həftə Yusif adlı taksi sürücüsü Rahibə içində yarımcan it olan bir torba verib. Oğlan da çox düşünmədən torbanı bizə gətirib.
İti iç-içə keçirilmiş iki torbaya qoyub ağzını bağlamışdılar. O, tamamilə islanmışdı, can verirdi, çənəsi sınmışdı. Xilas etməyə çalışdıq, amma artıq gec idi. Gözümüzün qarşısında öldü".
Sığınacaq sahibi itlə bu qədər amansızlıqla davranan şəxsi tapmağa qərar verib:
"Rahib məni taksi sürücüsünün ona torbanı verdiyi yerə apardı. Şahidlər dedilər ki, həmin taksi sürücüsü bu əraziyə tez-tez gəlmir. Həmin gün kimsə ona Türkan qəsəbəsində torbada it verib və Hövsanda buraxmağı xahiş edib. Yusif iti baqaja ataraq Hövsana yollanıb, heyvanı baqajda unudaraq çayxanada dincəlməyə qərar verib. Havasızlıq və isti əvvəlcədən döyülmüş itin ölümünə səbəb olub".
Yelena Simakina hadisə ilə bağlı polisə müraciət etdiyini deyib.
Məlumat üçün qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.
Məhərrəm Əliyev