Bakı şəhərində avtobus zolaqlarından istifadə məsələsi zaman-zaman sosial şəbəkələrdə müzakirə mövzusu olur.
seher.media xəbər verir ki, budəfəki müzakirə mövzusu "Şəhərdəki hotellərdən və yaxud şirkətlərdən bölgələrə turist daşıyan avtobuslar avtobus zolağından istifadə edə bilərmi?" - sualı ətrafında aparılıb.
Bir çox sürücülər hesab edirlər ki, xüsusi ayrılmış zolaqdan istənilən avtobus istifadə edə bilər. Bəs əslində necədir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov seher.media-a açıqlamasında bildirib ki, təşkil edilən zolaqlarla yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.
"Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolaqları təşkil edilib və bu işlər davam etdirilir.
Təşkil edilən zolaqlarla yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.
Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır", - deyə açıqlamada bildirilir.
Bu isə o deməkdir ki, avtobus zolaqlarına turist daşıyan avtobusların, minivenlərin və ümumiyyətlə sifarişlə işləyən istənilən avtobusun girişi də qadağandır və digər nəqliyyat vasitələrinin sürücüləri kimi onlar da bu qayda pozuntusuna görə 100 manat, 2 bal cərimə ediləcəklər.
Xatırladaq ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə və 2 cərimə balı nəzərdə tutulub.
Eyni zamanda sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.
Əzizə İsmayılova