"Yağışda siniflərin tavanından su fontan vurur…"

4
Sen
11:18
thumb_down 0

"Saatlı rayonunun Varxankənd tam orta məktəbi qəzalı vəziyyətdədir. 70 ilə yaxın yaşı olan bina bu illər ərzində əsaslı təmir olunmayıb. Partalar aşınıb, yeyilib, 50 il əvvəl alınan bütün maddi-texniki bazanın yararlılıq müddəti bitib".

Bu şikayətlə "Qafqazinfo"ya övladı həmin məktəbdə təhsil alan bir neçə valideyn müraciət edib.

Onların iddialarına görə, binanın yararsız olması səbəbindən xüsusən yağışlı havalarda sinif otaqlarında dərs keçmək mümkün deyil:

"Bu məktəb ölkənin reytinqli məktəblərindən olub, lakin illərdir qəzalı vəziyyətdədir. Çöl tərəfdən əhəng vurulub deyə üzdən yaxşı görünür, amma daxili çökür. Şagirdlər sinif otaqlarında yeriyəndə divar və tavan yırğalanır, az qalır, uçsun...

Ən acınacaqlısı budur ki, kənd illərdir qazlaşdırılsa da, məktəb odun sobası ilə qızdırılır. Sobalar da yanmır, sinif otağını tüstü bürüyür, şagirdlər dərsdə papaq və gödəkçədə otururlar. Yağış yağanda sinif otaqlarının tavanından su fontan vurur…"

Şikayətçilər bildiriblər ki, sadalanan problemlərlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, həllini tapmayıb. Təhsil müəssisəsinin binasının 2 il əvvəl sökülüb yenidən tikiləcəyi planlaşdırılsa da, sonradan məsələ gündəmdən düşüb.

Problemlə əlaqədar Mil-Muğam Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, Saatlı rayon Varxankənd kənd tam orta məktəbində yaxın gələcəkdə əsaslı təmir və bərpa gücləndirmə işləri nəzərdə tutulub.