Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.
seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
"Sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.