Orta məktəb şagirdlərinin repetitorlara daha çox vaxt ayırması yenidən müzakirə mövzusuna çevrilib.
seher.media xəbər verir ki, valideynlərin bir qismi övladlarını məcbur qaldığı üçün repetitor yanına göndərməli olduğunu bildirir. Onların fikrincə, repetitorlara artan tələbat məktəblərdə təhsil keyfiyyətinin azalmasına səbəb olub.
"Hətta elə müəllim var ki, məktəbdəki dərs saatında uşaqlara dərs keçmir. Məcbur edir ki, uşaq mütləq onun yanına hazırlığa gəlsin. IX-XI siniflərdə vəziyyət daha kəskin hal alır. Uşağa repetitor yanına getməkdən başqa yol qoymurlar", - deyə valideyn bildirib.
Müzakirələrdə iştirak edən bəzi təhsil ekspertləri isə repetitorluğu qazanclı xidmət sahəsi kimi dəyərləndirir və onun leqallaşdırılmasını təklif edirlər. Bəs görəsən, repetitorluğun leqallaşdırılması lazımdırmı?
Təhsil eksperti Elçin Əfəndi seher.media-a açıqlamasında bildirib ki, Azərbaycanda repetitorluq 1996-cı ildən sonra dirçəlməyə başlayıb:
"Pandemiya dövründə məktəblərin bağlanması da repetitorluğun çiçəklənməsinə gətirib çıxardı. Artıq iş o həddə çatıb ki, qeyri-ixtisas müəllimləri, pedaqoji təhsil alan I və ya II kurs tələbələri belə, repetitorluqla məşğuldurlar. Bu sahədə qazancın çox olması hətta bir çox müəllimi də məktəbdən uzaqlaşdırıb".
Ekspert qeyd edir ki, repetitorluğun hazırkı "çiçəklənmə dövrü" bu sahənin leqallaşdırılmasını tələb edir:
"Bu gün bu istiqamətdə fəaliyyət göstərən şəxslərin minimum 20, maksimum 100-150 şagirdi var. Həmin şagirdlərin təhlükəsizliyi, sağlamlığı diqqətdə saxlanılmalıdır. Sabah hər hansı hadisə baş verən zaman, əgər leqallıq olmasa, cavabdehliyi kim daşıyacaq?"
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun repetitorluğun leqallaşması ilə bağlı mövqeyi isə sərt oldu:
"Qətiyyən yox. Ona görə ki, bu, sistemli təhsili sistemsiz hala sala bilər. Müəllimi hörmətdən salmaq, məktəbin müqəddəsliyini ləkələmək, şagirdləri məktəbdən uzaqlaşdırmaq olmaz".
Qeyd edək ki, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar.
Maraqlıdır, diplomu olmayan istənilən şəxs VÖEN açıb repetitorluq edə bilərmi? Bu məsələ ilə bağlı qanunvericilik nə deyir?
Vergi eksperti Vəli Əliyev seher.media-a açıqlamasında bildirdi ki, repetitorlar vergiyə cəlb olunmalıdırlar və bununla bağlı qanunvericilikdə hər hansı boşluq yoxdur.
"Bu tip xidməti tənzimləyən diplom deyil, tələb və təklifdir, bazardır. Kimsə pulunu çöldən tapmır. Keyfiyyət olmayan yerdə repetitorun fəaliyyəti altı aydan çox çəkmir. Bunu həm də repetitor xidməti alan şagirdin valideyni kimi deyirəm. Mənim subyektiv fikrimdir ki, diplom məsələni həll etmir.
Repetitorların vergiyə cəlb olunması məsələsinə gələndə isə qeyd etmək lazımdır ki, onları müəyyən edib vergiyə cəlb etmək mürəkkəb və çətin prosesdir. Vətəndaşın könüllü şəkildə vergi uçotuna alınmasının və könüllü vergi ödəməsinin yolu isə ciddi inzibatçılıq deyil. Vətəndaşın öz istəyi ilə qazancını bəyan etməsi üçün ona stimul vermək lazımdır.
Bəli, diplom olmasa da, VÖEN alıb repetitor fəaliyyəti göstərmək olar. Çünki bazar iqtisadiyyatı olduğu üçün keyfiyyət olmasa, həmin fəaliyyət növü, onsuz da, uzunömürlü ola bilmir.
Repetitorluqdan əldə edilən aylıq gəlir ən prestijli müəllim üçün beş-yeddi min manatı ötmür. Həmin gəlir 2% sadələşmiş vergiyə cəlb edilir, bundan əlavə, 86.25 manat sosial sığorta haqqı, 13.8 manat isə icbari sığorta haqqı ödənilməlidir.
Tək repetitor deyil, intellektual işlə məşğul olan insanları aşkar edib vergiyə cəlb etməkdə çətinlik var. Bu fəaliyyəti şəxsi mənzillərdə həyata keçirdikləri üçün obyektiv çətinliklər var. Bu tip məsələlər fundamental həll olunmalıdır.
Məsələn, yəqin ki, xatırlayırsınız, nə qədər ciddi inzibatçılıq olsa da, nağdsız ödənişlərin həcmi artmırdı. Vətəndaşa cüzi stimul verdikdən sonra həm nağdsız hesablaşmaların həcmi, həm emissiya olunan kartların sayı, həm də rəsmiləşən mal dövriyyəsinin həcmi artmış oldu. Yəni inzibatçılıq heç bir halda həll yolu deyil", - deyə ekspert bildirib.
Əzizə İsmayılova