Vətən müharibəsinin 19-cu günü: Altı kənd işğaldan azad edilir

15
Okt
09:00
thumb_down 0

2020-ci il oktyabrın 15-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on doqquzuncu günü.

seher.media xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, əvvəlki günlərdə olduğu kimi, vəziyyət gərgin olaraq qalır.

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərir. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verir və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd "T-72" tankı, bir ədəd "Tor-M2KM" zenit raket kompleksi, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "D-20", bir ədəd "D-30" və iki ədəd "D-1" haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır, Goranboy, Tərtər, Ağdam və Ağcabədini atəşə tutur. Nəticədə Ağdam rayonunun Birinci Baharlı qəsəbəsinin iki sakini yaralanır, evlərə ciddi ziyan dəyir. Həmçinin, dəfn mərasimi zamanı şəhər qəbiristanlığının ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində dörd mülki şəxs həlak olur, dörd nəfər isə ağır yaralanır. Lakin düşmənin təxribatları nə xalqımızın, nə də ordumuzun döyüş ruhuna təsir edə bilir. Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş meydanında verir.

Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" başlıqlı paylaşım edir.

Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar informasiya cəbhəsində də davam etdirilir. Ali Baş Komandan İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində yaxın günlərdə növbəti sevincli xəbərlərin gələcəyini deyir:

"Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcək".

Ölkə başçısı, həmçinin, Rusiyanın "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində faktlara istinad etməklə, əslində, nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırır, Ermənistana və havadarlarına tarix dərsi keçir:

"XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb".

Bir sözlə, müharibənin on doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib