Söz azadlığına dözümsüz Fransa: Davam edən müstəmləkəçilik və despotizm

16
Okt
20:50
thumb_down 0

Söz azadlığı insanların əsas hüquq və azadlıqları sırasındadır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə şamil edilir.

Bu gün bu prinsipləri əlində bayraq edərək digər dövlətləri ittiham edən dövlətlər kifayət qədərdir. "Demokratiya beşiyi" Fransa bu siyahıda lider mövqeyini qoruyub saxlayır.

Ötən gün Fransa hökuməti növbəti rüsvayçılığa imza atıb. Belə ki, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Parisdə həbs edilib. Məlumata görə, K.Seba restoranda həmkarı ilə nahar edərkən saxlanılıb.

O, Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmə qarşı fəal mübarizə aparır, yəni neokolonializmin əsas tənqidçilərindən biridir. 2024-cü ildə Fransa hakimiyyətini açıq şəkildə tənqid etdiyi və onun dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün vətəndaşlıqdan məhrum edilib.

Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib. O, uzun illər ərzində neokolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir. Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir.

Birmənalı şəkildə deyə bilərik ki, Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır.

Bəs özünü dünyada "demokratiya etalonu" elan edən Fransa nədən Sebanı hədəfə alıb? Əminliklə söyləmək olar ki, insan haqlarının fəal müdafiəçisi bir neçə gün öncə Bakıda neokolonializmə həsr olunan beynəlxalq konfransda Fransanın ünvanına tənqidlər səsləndirdiyi üçün həbs edilib.

Bu məqamda K.Sebanın Bakıda səsləndirdiyi fikirlər diqqət çəkir. O bildirib ki, Fransa yol verdiyi pozuntuları, müstəmləkələrinin üzləşdiyi problemləri nəzərə almır. K.Seba Bakının müstəmləkəçilik probleminin dünya səviyyəsinə qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilməsini bəyan edib. Ciddi ittihamlardan biri də fransız kəşfiyyatının Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırmasını elan etməsidir.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın Afrikada və digər regionlarda müstəmləkə siyasətinə qarşı mübarizədə çox işlər görür: "Biz bura ona görə gəlmişik ki, Qərbin zülmündən bezmişik. Biz burada, Azərbaycandayıq, çünki dəstək axtarırıq və inanıram ki, Bakı müəyyən müddət və ya uzunmüddətli əsasda bizi dəstəkləyəcək. Biz burada səmimi dostlar axtarırıq və Bakı Təşəbbüs Qrupunda səmimi dost görürük".

Beləliklə, K.Seba tək Fransanı deyil, bütövlükdə Avropanı müstəmləkə sistemini bu gün də nümayiş etdirməkdə ittiham edib.

"Mən Bakıdayam, çünki Bakının bizim üçün nə edə biləcəyini bilirəm və inanıram ki, biz birlikdə böyük işlər görəcəyik. Bununla yanaşı, Fransa Ermənistanı dəstəklədiyi üçün biz də, təbii olaraq, Azərbaycanı dəstəkləyirik", - deyə QHT rəhbəri vurğulayıb.

O, həmçinin 25 ildir imperializmlə mübarizə apardığını və bu müddət ərzində qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi olduğunu bildirib.

"Fransa rejimi iki dəfə məni həbs edib. İki dəfə Fransada, iki dəfə isə Afrikada saxlanılmışam. Bəxtim gətirdi ki, azadlığa çıxa bildim. Fransa bu günlərdə də Afrikanın qaradərili əhalisinə təsir göstərə bilir, onu öz əlində saxlamaq üçün Qərbin mövcudluğuna ehtiyac olduğunu bəyan edir və diasporları vasitəsilə fəaliyyətini davam etdirir", - deyə K.Seba qeyd edib.

O daha öncə bildirib ki, zəngin mineral ehtiyatların olmasına baxmayaraq, Afrika əhalisi onlardan istifadə edə bilmir, Fransa oliqarxiyası isə bu sərvətlərdən bəhrələnir.

Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. "Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir",- bəyanatda vurğulanıb.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də fəalın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib. Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur:

"Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".

Maraqlıdır ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verən təşkilatlar yenə susur. Belə bir fakt başqa hansısa bir ölkədə baş versəydi, ona dərhal reaksiya verərdilər. Beynəlxalq ictimaiyyət, insan hüquqları müdafiəçiləri və beynəlxalq təşkilatlar bu qanunsuz hərəkəti qınamalı, Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırış etməlidirlər.

Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur. Ən əsası, bu hadisə Fransanın Afrikada uzun illərdir davam edən neokolonial siyasətinin bir təzahürüdür. Bu səbəbdən də regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməlidir.

"Report" İnformasiya Agentliyi