Təcili yardım briqadasının çağırış ünvanına çatma vaxtının azaldılması üçün hansı tədbirlər görülür?

17
Okt
12:50
thumb_down 0

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi məqsədilə 2024-2025-ci illər üçün inkişaf planı hazırlanıb və icrasına başlanılıb".

seher.media xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri Elşad Məmmədli deyib.

E.Məmmədli qeyd edib ki, bu inkişaf planının icrası 3 əsas məqsədə xidmət edəcək:

"1. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək;

2. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq;

3. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin resurslarından effektiv və səmərəli istifadə etmək.

İlk olaraq 1-ci məqsəd - yəni təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə əlçatanlığı bütün ölkədə tələb olunan səviyyədə təmin etmək məqsədinə çatmaq üçün mərhələli şəkildə tədbirlər həyata keçirilir.

Bu proses resursların artırılması, ambulans stansiyaların allokasiyası, çatma vaxtının azaldılması kimi tədbirləri özündə ehtiva edir. Ayrı-ayrılıqda bu prosesləri nəzərdən keçirsək, demək olar ki, resursların artırılması məqsədilə ambulans parkının genişləndirilməsi və yenilənməsi, eləcə də briqadaların sayının artırılması işləri həyata keçiriləcək.

Eyni zamanda stansiyaların və filialların yerləşməsinə yenidən baxılacaq. Burada bir neçə meyar nəzərə alınacaq:

1. Əhali sıxlığı

2. Xəstəxanaların yerləşməsi

3. Yol infrastrukturu

Çatma vaxtının azaldılması prosesində isə

- Tam yeni proqram təminatının hazırlanması;

- Elektron sənədləşmənin tətbiq olunması;

- Müasir naviqasiya və marşrut planlamasının yaradılması;

- Bütün ambulansların real zamanda çağırışa hazırlıq statusu sisteminin yaradılması nəzərdə tutulub.

Çatma vaxtının azaldılması istiqamətində görülən tədbirlərin davamı kimi tam yeni proqram təminatının hazırlanmasını qeyd etmək istərdim. Bununla da TTY xidmətinin fəaliyyətinin demək olar ki, bütün komponentləri və mərhələləri vahid platformada idarə olunacaq və tənzimlənəcək.

Mərhələli tədbirlər belədir:

I. Çağırışların qəbulu

II. Çağırışların çeşidlənməsi və idarə olunması

III. Ambulans yönləndirmə və naviqasiya

IV. Komanda üzvləri arasında kommunikasiya

V. Teletibb

VI. Çağırış edənin tibbi tarixçəsinə giriş

VII. Elektron sənədləşmə

VIII. Briqadaların real vaxt statusu

IX. Xəstəxanaların real vaxt çarpayı və digər imkanları

X. Hospitalizasiya prosesi və xəstəxanalarla koordinasiya

XI. Resurs planlama

XII. Bütün növ hesabatlar (tibbi, klinik, statistik, inzibati)".

Məhərrəm Əliyev