Bakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) seher.media-a bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
"Bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan "Mercedes Vito" markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb".
seher.media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
"İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.
ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: "Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar",-deyə məlumatda bildirilir.