Kaloriləri hesablasaq da, niyə arıqlaya bilmirik? - Həkim sirri açdı

23
Okt
07:35
thumb_down 0

"Geniş yayılmış fikrin əksinə olaraq, çəki atmaq üçün kalori, zülal, yağ və karbohidratların (KZYK) miqdarını saymaq kifayət deyil".

seher.media-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, arıqlamaq haqqında geniş yayılmış bu fikri mif adlandırıb.

"Nə yediyiniz vacib deyil. Vacib olan, nəyin orqanizminiz tərəfindən sorulduğudur!" - deyə o vurğulayıb.

Həkim qeyd edib ki, bəzən məhsulların qablaşdırmasında düzgün KZYK yazılsa da, çəki yenə də artmağa davam edir.

"Çəki atmağı (yığmağı) yalnız "nə qədər kalori qəbul etdin və nə qədər kalori sərf etdin" kimi nəzərdən keçirmək düzgün deyil. Bu, şübhəsiz ki, belədir, lakin bir nüans var. Çəki mürəkkəb hormon sistemi ilə tənzimlənir" , - deyə o bildirib.

Mütəxəssis kəskin arıqlamağa qarşı çıxıb.

"Biz kəskin arıqlamağa qərar verəndə, orqanizm hormonlara "komanda" verir - "müharibə rejimi, bizi artıq yedirtmirlər!" Beləliklə, "qənaət rejimi" işə düşür - bazal enerji sərfiyyatı azalır, bir kiloqram çəkinin saxlanmasına artıq 22 deyil, cəmi 15 kilokalori sərf olunur" , - deyə həkim izah edib.

Onun sözlərinə görə, kəskin arıqlamaq cəhdi iştahanı və yağ yığılmasını stimullaşdırır.

Həkim onu da vurğulayıb ki, bazal metabolizmin birdəfəlik azalması nəticəsində insan adi həyat tərzinə qayıtdıqda metabolizm uzun müddət normaya qayıtmır.

"Sağlam arıqlamaq üçün real məqsədlər qoyulmalı və çəki tədricən azalmalıdır. Əsas odur ki, balanslaşdırılmış qidalanasınız, dəbdə olan pəhrizlərə uyğunlaşmayasınız. Yalnız qidalanmanı dəyişməklə heç nəyə nail olmaq olmur. Müntəzəm fiziki yüklənmələr mütləqdir" , - deyə o, sözlərini yekunlaşdırıb.