Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib

5
Noy
15:35
thumb_down 0

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən seher.media-a verilən xəbərə görə, görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük önəm verir və onun təşviqinə sadiqdir.

Vurğulanıb ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Vurğulayıb ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilib.

Cari ilin may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi xatırlanaraq "Bakı Prosesi"nin tərkib hissəsi olan bu tədbirin dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırılıb.

Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya yenidən tikildiyi bildirilib.

O cümlədən ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulanıb, 30 illik işğal dövründə bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd edilib. Bildirilib ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilib, o cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılıb.

Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan "Böyük Qayıdış" proqramı barədə məlumat verilib, məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlərin görüldüyü vurğulanıb.

İşğal dövründə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yürüdən, xalqımızın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq, Azərbaycanın tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirdiyi diqqətə çatdırılıb.

Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edilib, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.