SƏNSİZ QALACAĞIM O TARİXDƏN BU GÜNƏ - MÜƏLLİF : SONA İNTİZAR

5
May
21:30
thumb_down 0

SƏNSİZ QALACAĞIM O TARİXDƏN BU GÜNƏ


Dünən gecə səni yuxumda gördüm...Məndən necə nigaran, narahat olduğun aydın bilinirdi. Dünənə qədər elə bilirdim ki, bir gün qayıdacaqsan,amma, dünən soyuq bir məzarda yatdığını görənə kimi... Bumbuz bir məzar, qara baş daşı və baş daşından boylanan danışan o şəklin... Sanki "40 gündü niyə gəlmirsən ? - deyə sua dolu o baxışlarla nəsə anlatmağa çalışırdın. Gəldim, ay Zaur. Gəldim, amma, səni görə bilmədim. Bir durub salamlaşmadın, bir təskinlik vermədin. Məzarına yaxınlaşan kimi yenə bizi birləşdirən o qarlı hava başladı. O gün yadıma düşdü... Sənin "Evlənməyə razısan ?" sualına "Hə"- dediyim gecə də qarlı bir gecə idi.
12.01.2024 -bu tarixi 2025-ci ildə öz ölümünlə yeniləyib , unudulmaz günə çevirdin. Bu necə bir tale idi yaşadıq?! Daha dözülməzi var...ölümünün 40 günü də sizin evinizə gəlin gəldiyim 21.02.2025 (2024) tarixinə düşdü. 40 mərasiminlə o xoşbəxt günümüzə də bu üzücü xəbəri bab etdin. Onsuz da sənlə gedən üzümün gülüşünə sənsizlik rəngi qatdın. Bu rəng qaradan da qaradır, amma, saçlarıma heç sevmədiyin ağ dənlər düşüb. Ağ bəxtim olmasa da, ağ saçlarım çoxalıb. Sevdiyin saçlarıma həyat elə bir sığal çəkdi ki,artıq tüstüsünə belə yanıb köz-köz oluram. Evimizə düşən bu od qəlb evimi viran etdi. Əlimizlə bəzədiyimiz otağımızda indi sənsiz gecələrim zindan həyatına dönür. Sənsizlik necə məşəqqətli imiş..? Ən çox da bilirsən nə zaman hiss edirəm yoxluğunu..? harasa tək gedəndə... Yerişim də dəyişin. Bir yanım yox kimi axsaq olmuşam . Büdrəyirəm tez-tez, addımlarım da o deyil. Səninlə gəzdiyimiz yerlər ox olub sancılır köksümə... Qaysaq bağlamayan bir yara kimi düşdün ürəyimə. Hər adın çəkiləndə qanayır, hər xatirən xatırlananda sızıldayır, hər sözün yada düşəndə göynəyir. Özüm də mat qalmışam bu taleyə...
Fələyin üzü dönsün məni sənsiz qoyduğu bu həyatdan. Necə qıydı bizə? Biz ki, yaraşırdıq bir-birimizə. Talelərimiz oxşar, həyatdan gözləntilərimiz eyni idi... Heç nə istəmirdik, bircə sakitlik və hüzur dolu həyat arzusunda idik. Alıb arzularımızı da, xəyallarımızı da apardın torpağın altına özünlə birgə. Elə hey düşünürəm sənlə xəyal etdiyimiz həyatı... Çəkdiyimiz şəkillərə baxa-baxa deyinirəm qara geymiş taleyimin qarasına. Videolentlərimizə baxıram... Necə nəşəli idik... Həyatdan ikiəlliyapışsaq da, kəsildi o kəndir, ip dolandı boynumuza , boğdu xoşbəxtliyi gözlərimizdə... Donub qaldım yerimdə...Son günümüzü xatırlayıram. Necə oldu belə oldu axı..? Özümüzə üç gün idi isti yuva düzəltmişdik onbir aylıq evlilik tariximizdə. Yeni mənzilə köçmüşdük. Köçən gündən nasazlamışdım, xəstə idim. Evə bir aylıq bazarlıq, çatışmayan hər şey almışdıq... O gün... bir başqa idin. səhər işə də getmək istəmirdin, sonra yuyunub getdin. Hər saat zəng edib halımı soruşurdun, oysa ki öləcəyin gün olacaqmış... Sıhıri gün 1 illiyimizi qeyd edəcəkdik deyə bu gün nə olur-olsun sağalmalıydım... Axşama doğru bir qab qatıq alıb gətirdin ki, YE , BƏLKƏ DÜZƏLDİN. Kaş heç düzəlməzdim, mən öləydim sənin yerinə. Axşam işdən çıxış saatında özümü toplayıb , geyinib yanına gəldim..
Sakit hava idi.gedib mağazada evə bir-iki ərzaq aldıq. Beşinci mərtəbəyə qalxmağa çətinlik çəkirdik. Mən halsız, sən isə yorğun olduğun üçün. Nə biləydik ölümə tələsdiyini..? Axşam yeməyini birgə hazırlamağa başladıq. Köçəndən kartof və toyuq qızartması istəyirdin. Kartofu sən, toyuqu mən hazırladım. Lənətə gəlmiş "şəkər xəstəliyi"ndən əziyyət çəkirdin. Yeməkdən öncə iynəni vurdun, amma, dedin ki, "Qızım ,bilmədim hansını vurdum, deyəsən çox vurdum". Dedim ki, "Onda bir az çox yeyərsən". sonra süfrəni hazırlamağa davam etdik. Hazırladığımız yeməkləri iştahla ,doyunca yedik. Sonra yediyimiz qabları, süfrədə olan nemətləri yığışdırıb, qabları yumağa apardım, sən də kömək etdin son dəfə mənə, gözəl həyat yoldaşım. Axı nə biləydik bu sondur..?! Sonra "Hamamı yandır, buxar olsun, çiməcəm" -dedim. Evdə heç sevmədiyim siqaret qoxusunu hiss etməyim deyə "Olar hamamda çəkim?"- deyə soruşdun. "Çək, eybi yoxdur,bu gün olar, sabah bir ilimizdir"-dedim. Bir də hamamdan harayladın ki, "Mən də çiməsi oldum, mənə də dəsmal ayır." Sən demə son dəfə yuyunurdun ki, torpağa pak gedəsən... Çağırdın ki, "Mən çıxdım, gəl sən də gir, hamam parlıdır, əsl sən xoşlayan kimi,amma, çox qalma tez çıx." Qoyduğum təmiz dəsmal ilə qurulanıb, əynini dəyişib təmiz ev paltarını geyindin. Girdim hamama, elə çiməndə taqqıltı səsinə səni harayladım, "Qorxma . pəncərədi, mən bağladım"-dedin. Nə biləydik ki, son dəfə təmiz havanı çəkdin ciyərlərinə. Sonra qəfil halım döndü... Bilmədim tox qarına parlı hamama girdim deyə, yoxsa üç gündürxəstəhal idim deyə. Heç necə hamamdan çıxmışam, qonaq otağına gəlmişəm, hansı səhnəni görüb özümdən getmişəm..? Bayılıb sənin yanına yerə yıxılmışam.
Bir də ürəkbulantısından qaytarıb ayıldım... Yanımda, elə qonaq otağında yerdə uzanıqlı soyuq bədənini silkələyib dəli kimi bağırmağa başladım. Ürək masajı edə-edə səni səslədim ki, bəlkə həmişəki kimi zarafat edib məni qorxudursan. Kaş zarafat olardı... Siman göyərmiş, bədənin buzdamışdı. Soyuq bədəninə sarılıb, ilk dəfə rastlaşdığım bu mənzərənin ölüm olmadığına inanmaq üçün key kimi Təcili Yardıma yığıb çağırdım. Bununla yanaşı özümü cilovlamağa çalışsam da, qulağım öz qışqırmağıma tutulmuşdu. Heç Təcili Tibbi Yardıma ünvanı necə dediyimi də xatırlamıram. Onlar gələndə mən hələ də özümü toparlaya bilməmişdim. Dəhşətli bir uğultu səsi qulaqlarımı cingildədirdi. Həkimin "ÖLÜB" sözünə "Nə danışırsınız, nəsə edin ayılsın, iynəni çox vurub yəqin komadadır"- dedimsə də, "Yox artıq ölüb , heç nə edə bilmərik" - deyib son dəfə səsləndi. Bu söz sənlə bərabər məni də öldürdü. Səni torpağa dəfn etdilər, mən isə diri ölüyəm. Səndən sonra heç nəyə dinə bilmədim. Söz- söhbətim də səninlə getdi. Dilim lal, gözüm ağlar, ürəyim ağrıyan oldu yoxluğunda. Oysa ki, səninlə necə xəyallar qurmuşduq, necə ümid bağlamışdıq bu həyata...
Gəlişinlə həyatıma qatdığın rəngi gedişinlə soldurdun. Libasımı qaraya,həyatımı boz rəngə boyadın... Qara mərmərdən boylanan rəsmində də gözlərinin qəmi bilinir. Əl-ələ verib həyatımızı düzən edək düşüncəsi ilə bəzədik evimizi, otağımızı. İndi sənin məzarına qərənfil düzdüm əsən əllərimlə. Sənsizlik elə bir zərbə vurdu ki, mənə çətin bir də özümə gəlim bu həyat oyunundan belə tezliklə... Çox güman ki, ürəyimdən qələmimə qədər süzülən şeirlərimin misralarına səni toxuduqca rahatlıq tapıram. Yoxsa ki, bu qələm olmasa havalanardım...
Susub , özümə qapandıqca ruhun inciyər deyə beynimə vurdu. Sən ki heç sevməzdin mənim kefsizliyimi... Elə gülər üzümə, nəşəli zarafatlarıma vurulmuşdun ... D üşünürəm ki, sussam ruhun inciyər. İnanıram ki, göylərdən görürsən məni. Hər zaman mənə arxa-dayaq olduğun kimi, indi də tək qoymamısan məni. Bilmirəm, dəli desələr də, mən səni hiss edirəm hər an. Başımı yastığa qoyan kimi, gözlərimdən yaş olub süzülürsən... Yastığım islaq olur, ruhum oyaq olur... Gecələr bir başqa sənsizləyirəm, həsrətin ürəyimi qübar etməsə yaxşıdır. Sözlərin. qayğın, nəvazişin üçün elə darıxıram ki...
"Güc ver, səbr ver"- deyərək, Allaha dua da edirəm, hansısa dəlilik etməyim deyə. Yanına da tələsirəm, darıxıram, amma, ümid edirəm ki, bu dünyada yarım qalsaq da, o dünyada qovuşacağıq Allahın izniylə. Görüşənədək, Zaurum...