Türk adlarının yenidən kütləviləşməsi milli qüruru gücləndirəcək

13
Noy
04:00
thumb_down 0

Politoloq Vasif Əfəndiyev

Bu gün türk kimliyi sadəcə tarix kitablarında qalmış bir xatirə deyil, yenidən oyadılmalı olan millət yaddaşıdır. Bu yaddaşın ilk cəbhəsi isə milli adlarımızdır. Çünki uşağa qoyulan ad onun taleyinə, milli xarakterinə və mənsubiyyətinə vurulan ilk möhürdür.

Biz əsrlərdir müxtəlif siyasi və ideoloji təbəqələrin altında basdırılmış mədəni kimliyimizi yenidən ayağa qaldırmaq mərhələsindəyik.

Qloballaşmanın, yad ideoloji təsirlərin, dini-siyasi simvolların içində bir həqiqət getdikcə daha aydın görünür: Türk öz adından uzaqlaşdıqca özünü itirir. Ərəb və fars mənşəli adların kütləviləşməsi təkcə dilin zədələnməsi deyil, milli psixologiyanın dəyişdirilməsidir.

Bu proses bir neçə nəsildə insanın öz tarixinə bağını qoparır, onun yaddaşını başqa mədəniyyətlərin əsirinə çevirir.

Türk adına yad olan adlar yavaş-yavaş tarixi davamlılığı sındırır,dilin ritmini zəiflədir, özünüdərk hissini bulanıqlaşdırır və millətin mədəni istiqamətini dəyişdirir.

Bu, assimilyasiya siyasətinin görünməz bir hissəsidir. Hər bir imperiya, hər bir ideoloji güc xalqları əvvəlcə ad və soyad sistemi ilə dəyişdirib.

Bu gün Türk dünyası həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan yeni yüksəliş xəttinə qədəm qoyur. Ortaq əlifba, ortaq kommunikasiya, ortaq mədəni platformalar formalaşır. Belə məqamda ad və soyad məsələsi sadəcə mədəni seçim deyil, ideoloji müdafiə xəttidir. Bir millətin gücü onun öz kökünə nə qədər bağlı olduğuyla ölçülür.

Ad isə bu kökün ən aydın dildə ifadəsidir.

Alp, Oğuz, Bilgə, Uluğ, Tarkan, Börü, Ayaz, Eltun, Çağrı, Umay, Bəybura bu adları daşıyan hər bir uşaq gələcək türk dünyasının şüurlu əsgərləri ola bilərlər. Öz kimliyini doğulduğu andan hiss edən nəsil heç vaxt başqasının ideoloji təsirinə tabe olmaz.

Türk dünyası modernləşdikcəfeodal qalıqlar sıradan çıxarılmalıdır.

“Mir”, “Ağa”, kimi feodal itaətçiliyi, “Qulu” sonluqlu təslimçilik münasibətlərini xatırladan adlar türk ruhuna uyğun deyil və müasir milli düşüncəyə heç bir töhfə vermir. Türk adı azadlığın rəmzidir. Türk adı kişilik, iradə, güc deməkdir. Türk adı qul psixologiyasını rədd edir.

Əliqulu, Hüseynqulu, Həsənqulu kimi şəxsiyyəti alçaldan və kölə - qul psixologiyası aşılayan adlar qadağan edilməlidir.

İtaətçilik ruhu ilə verilmiş adlar türk düşüncə sistemi ilə ziddiyyət təşkil edir. Yeni nəsillər azadlıq mənəviyyatı ilə böyüməlidir. Bu mərhələnin əsas hədəfi türk insanının özünə qayıdışı olmalıdır.

Türk adlarının yenidən kütləviləşməsi milli qüruru gücləndirəcək, tarixlə bağımızı bərpa edəcək,dilin inkişafını sürətləndirəcək, siyasi-mədəni şüurun bərkiməsinə xidmət edəcək və türk dünyasının inteqrasiyasını mədəni səviyyədə möhkəmləndirəcək.

Bu artıq seçim deyil zamanın tələbidir. Kimlik davasının mədəni cəbhəsi buradan başlayır. Adlarımız bizim bayrağımızdı. Türk adları sadəcə söz deyil, milli varlığın sarsılmaz sütunudur.Kimliyə dönüş bu gün heç vaxt olmadığı qədər həyati əhəmiyyət daşıyır.

Bir xalq öz adını qoruduğu gün, özünü də qoruyur.