Yeni qərardan sonra avtomobil nömrələri dəyişdirilməlidir? - Açıqlama

20
Noy
15:35
thumb_down 0

Xəbər verdiyimiz kimi, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.

Bəs, bu qərardan sonra bütün sürücülər avtomobil nömrələrini dəyişməyə məcbur olacaq, yoxsa bundan sonra alınan maşınların üzərində tətbiq ediləcək?

Bu barədə Seher.Media -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bununla bağlı hər hansı bir qərar yoxdur:

"Nömrə dəyişməlidir, dəyişməməlidir bu barədə heç bir qərar verilməyib. Ona görə də heç kim narahat olmasın. Bundan sonra verilən nömrələr defissiz, çipsiz verilir. Amma əvvəlki nömrələrlə bağlı heç bir tələb və ya qərar mövcud deyil. Heç kim də sürücülərdən tələb etmir ki, gedib nömrəni dəyişsin və ya mütləq çipsiz, defissiz nömrə alsın. Belə bir göstəriş yoxdur.

Bu səbəbdən mən indiki şəraitdə sürücülərin narahatlıq keçirməsi üçün heç bir əsas görmürəm. Onlar fəaliyyətlərini tam rahat şəkildə davam etdirə bilərlər. Əgər gələcəkdə belə bir tələb olsa, yəqin ki, biz də məlumatlı olarıq".

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə isə, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir.

Həmidə İbrahimova