26 noyabr 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “İnteraktiv riyaziyyatla müasir təhsil yanaşması” layihəsinin açılış mərasimi Astara rayon Burzubənd kənd tam orta məktəbində yüksək səviyyədə təşkil olunub.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil Sektorunun rəhbərliyi, layihənin eksperti və təlimçisi, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Astara rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva çıxışında layihənin aktuallığını vurğulayaraq məktəb kollektivini təbrik edib və layihənin icrasına uğurlar arzulayıb.
Məktəbin direktoru və layihə rəhbəri Turan Rəfiyev açılış nitqində qonaqları salamlayaraq layihənin məqsədləri və əhəmiyyəti barədə məlumat verib, göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Məktəbin direktor müavini Gülnarə Ramazanova çıxışında layihəyə tam dəstək veriləcəyini qeyd edib, bu təşəbbüsün şagirdlərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb və qonaqlara iştiraklarına görə təşəkkür edib.

Tədbirdə həmçinin Astara şəhər 1 saylı məktəbin direktoru Rəna Məmmədova, Kijəbə 1 saylı məktəbin direktoru Təbrizə Rəsulova, Şüvi kənd tam orta məktəbin direktoru Adil Rzayev, Ovala kənd ümumi orta məktəbin direktoru Etibar Baxşıyev və Pəlikəş kənd tam orta məktəbin direktoru Nadir Eyvazov çıxış edərək layihəyə uğurlar arzulayıb, onun şagirdlər üçün böyük fayda verəcəyini bildiriblər.
Tədbirə giriş nitqi ilə başlayan, qrant layihələrində 4 dəfə qalib olmuş Astara şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi Babək Rza layihə qalibini təbrik edərək uğurlar arzulayıb.
