Əli Kərimli – Ramiz Mehdiyev xəttinin qaranlıq maliyyə koridorları

29
Noy
16:49
thumb_down 0

Vəhdət Partiyasının Təşkilat Məsələləri üzrə şöbə müdiri Zahir İbrahimli

Azərbaycanın siyasi səhnəsində zaman-zaman elə hadisələr baş verir ki, həmin anlarda sanki illərin toz basmış qovluqları açılır, köhnə sistemin unudulmuş simaları yenidən gündəmə gəlir və ictimaiyyətə aydın olur ki, bir çox “təsadüfi görünən” proseslərin arxasında uzun illərin dərin əlaqələri, gizli maraqları dayanıb. AXCP sədri Əli Kərimlinin və eyni zamanda partiyanın Rəyasət Heyəti üzvü Məmməd İbrahimin evlərində DTX tərəfindən aparılan axtarış da məhz belə hadisələrdən biridir.

İstintaq rəsmi olaraq dövlətə xəyanət və digər ağır maddələrlə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi üzrə aparılır. Bu fakt bir daha sübut edir ki, Azərbaycan siyasi tarixinin dumanlı dönəmlərində bir-birinə zidd görünən qüvvələr əslində həmin dövrün hakimiyyət labirintlərində bir nöqtədə kəsişiblər.

Həmin kəsişmənin mahiyyətini, Əli Kərimli – Ramiz Mehdiyev münasibətlərinin gizli qaranlıq məqamlarını, illərdir ictimai rəy üçün sirr qalan nöqtələri sərt tənqid hədəfinə gətirir.

Əli Kərimli uzun illər özünü müxalifətin əsas siması kimi təqdim etsə də, onun fəaliyyəti ilə bağlı ən ciddi ittihamlardan biri elə budur ki, o, müxalifətin içində idarə olunan, nəzarət edilən, lazım olanda alovlandırılan, lazım olanda isə söndürülən bir “fiqur” olub.

Bu ittiham illərdir səslənir və bu gün artıq daha ciddi əsaslar qazanır.

Ramiz Mehdiyev kimi 40 illik sovet aparatçısının, Kreml siyasi məktəbinin yetirməsinin təsadüfən hansısa gənc siyasətçiyə arxa durması mümkün deyil. Bu, konkret hesablanmış, çoxillik planın bir hissəsi idi. Bu plana görə:

  • Əli Kərimli müxalifətin içində nəzarətli güc kimi saxlanılırdı;
  • O, zaman-zaman siyasi proseslərdə alət rolunu oynayırdı;
  • İctimai enerjinin bir hissəsini sistem daxili münaqişələrə yönləndirmək üçün istifadə olunurdu;
  • Xarici dairələrlə əlaqələri müntəzəm olaraq müəyyən çərçivədə saxlanılırdı;
  • “Radikal müxalifət” obrazı sistem üçün lazım olan vaxtda istifadə edilən maska idi.

Bu gün gedən istintaq da məhz həmin maskanın altındakı təbəqələri ortaya çıxarmağa başlayır.

İllərdir cəmiyyətdə səslənən fikirlərdən biri budur ki, Əli Kərimli müxtəlif dövrlərdə Ramiz Mehdiyevin siyasi layihələrinin bir parçasına çevrilib.

DTX tərəfindən aparılan axtarışlar mahiyyətcə sadəcə hüquqi prosedur deyil. Bu, uzun illərin köhnə qaranlıq münasibətlərinin, gizli siyasi bağlantılarının artıq üzə çıxmağa başladığının siqnalıdır.

Ramiz Mehdiyev kimi bir şəxsin cinayət işi üzrə AXCP-nin rəhbər şəxslərinin evində axtarış aparılması göstərir ki,  Əli Kərimlinin siyasi keçmişi düşündüyümüzdən də daha çox köhnə hakimiyyət klanları ilə bağlı olub. Bu, artıq fərziyyə deyil – dövlətin təhlükəsizlik qurumu bu istiqamətdə ciddi istintaq aparırsa, deməli, ortada çox ciddi faktlar, əlaqələr, izlər var.

AXCP-nin uzun illər boyu maliyyə təminatı haradan gəlirdi?

Partiyanın müntəzəm təşkil etdiyi mitinqlər, aksiyalar, xaricdəki ofislərlə əlaqələr, məlumat portalları, sosial media komandasına ayrılan vəsait, xaricdən koordinasiyalar – bütün bunların hansı mənbədən maliyyələşdirildiyi heç vaxt açıqlanmırdı.

Açıqlanmaması isə təsadüf deyildi. Çünki bu maliyyənin böyük bir hissəsinin köhnə hakimiyyət içində Ramiz Mehdiyevin nəzarətində olan qaranlıq ideoloji fondlardan, “qapalı resurslardan”, üçüncü şəxslər üzərindən yönəldilən vəsaitlərdən gəldiyi iddia olunurdu.

Bu iddialar bu gün artıq daha ciddi səslənir. Çünki istintaqın məhz Ramiz Mehdiyev xətti üzrə aparılması, AXCP rəhbərliyinə qədər uzanması o deməkdir ki, maliyyə axınları ilə bağlı konkret izlər var.

Kölgə maliyyəsi necə işləyirdi?

Əldə olan məlumatlara görə, maliyyə axını birbaşa yox, bir neçə mərhələli sxem vasitəsilə həyata keçirilirdi:

Qapalı fondlar və “ideoloji layihələr”

Ramiz Mehdiyev illərlə müxtəlif “tədqiqat mərkəzləri”, “qapalı akademik layihələr”, “ideoloji proqramlar” adı altında illik milyonlarla vəsait yönəldirdi. Bu vəsaitlərin bir qismi siyasi manipulyasiya üçün istifadə olunurdu.

Vasitəçilər – köhnə aparatçıların şəbəkəsi

Bu vəsaitlərin AXCP-yə birbaşa verilməsi mümkün deyildi. Ona görə də sxem belə işləyirdi:

keçmiş məmurlar, 
köhnə ideoloji işçilər,
akademik strukturların rəhbərləri,
media menecerləri,
vasitəçi kimi çıxış edirdi.

“Sosial layihə”, “təhsil dəstəyi”, “gənclərin təşviqi” kimi quruq bəhanələr

Pul heç vaxt “siyasi fəaliyyətə dəstək” adı ilə verilmir. Bu, köhnə sistemin yaxşı bildiyi oyundur. Pul formal olaraq fərqli ad altında gedirdi, lakin faktiki olaraq AXCP-nin aksiyaları, insan resursları, sosial şəbəkə aktivliyi həmin vəsaitlə təmin olunurdu.

Əli Kərimlinin özünə ayrılan şəxsi paket

İddialara görə, Əli Kərimlinin illər boyu komfortlu şəhər həyatını təmin edən vəsait də məhz həmin qapalı mənbələrdən gəlirdi. Əgər partiya real maliyyə çətinliyi çəkirdisə, o zaman Əli Kərimli necə fasiləsiz şəkildə təşkilati fəaliyyət göstərə bilirdi? Bu sualın cavabı illərdir məlum idi – indi isə istintaq bunu rəsmi şəkildə araşdırır.

Ən sensasion məqam isə budur:

AXCP-nin keçirdiyi bir çox aksiyaların arxasında Ramiz Mehdiyevin göstərişləri dayanırdı.

Bu iddianı təsdiqləyən bir neçə istiqamət var:

Sistemin daxilində idarə olunan gərginlik

Hakimiyyət daxilində müəyyən qruplaşmaların siyasi məqsədləri olub: müəyyən proseslərdən diqqəti yayındırmaq, ölkə daxilində süni gərginlik yaratmaq, “radikal müxalifət təhlükəsi” imici formalaşdırmaq, xarici dairələr qarşısında “siyasi rəqabət” görüntüsü yaratmaq,

Bu işlər üçün ən uyğun fiqur məhz Əli Kərimli idi. Çünki onun idarə edilməsi asan idi, kadrları nəzarət altındaydı və “radikal” obrazı siyasi manipulyasiya üçün ideal idi.

Bu gün DTX-nın apardığı istintaq həmin ssenarinin üzərinə işıq salır.

Tarixin toz basmış qovluqları açılır…

Və görünür ki, Əli Kərimlinin illərdir özünü sarıdığı “müxalifət” obrazı sadəcə maska imiş.

Arxasında isə Ramiz Mehdiyevin köhnə aparatının illərlə idarə etdiyi siyasi və maliyyə mexanizmi dayanırmış.