Vəhdət Partiyası üçün önəmli tarix

11
Dek
13:35
thumb_down 0

2025-ci il dekabrın 11-də Vəhdət Partiyasının rəsmi dövlət qeydiyyatından keçməsinin 27-ci ildönümüdür.

Vəhdət Partiyası 1994-cü ildə “Bakı və Kəndlər Birliyi”nin bazasında yaradılsa da, rəsmi olaraq 1998-ci il dekabrın 11-də dövlət qeydiyyatına alınıb.

Beləliklə, Vəhdət Partiyası Azərbaycanda siyasi partiyalar platrormasında öz yerini sabitləyərək fəaliyyətini qanuni çərçivədə davam etdirmək imkanını qazanıb.

1998-ci ildən sonra Vəhdət Partiyası müxtəlif siyasi partiyalarla ittifaqlar qurub, bir çox strukturların birləşməsi prosesində rol alıb. 

Sonrakı illərdə partiya parlament seçkiləri, bələdiyyə seçkiləri və siyasi birgə fəaliyyətlərdə iştirak edib, blok formasında seçki təcrübəsinə qatılıb.

Bu dövrdə Vəhdət Partiyası ölkənin daxili siyasətində aktiv iştirak edib, ictimai-siyasi müzakirələrdə öz mövqeyini qoruyub və zaman-zaman yenidən təşkilatlanmalar yaşayıb. Bu müddət ərzində partiyaya Hacı Cəbrayıl Əlizadə, Tahir Kərimli sədrlik ediblər.

Vəhdət Partiyasının fəaliyyətində xüsusi əməyi olan şəxslər sırasında Əbdülvahab Manafov, Şəfiq Pənahi ilə yanaşı, Fəxrəddin Ağazadə, Fuad Rzayev, Meybulla Meybullayev, Rauf Quliyev, Hacı Zəki, Səftər Baxşıyev, Zahir İbrahimli, Zaur Kərimli, Hacı Vasif, Rəhilə Heydərova, Hacı Abbas, Mirələm Quliyev, Rəhimə Heydərova və digərlərini qeyd etmək lazımdır.

Yenilənmə, struktur islahatları və modernləşmə

2025-ci ilin iyununda partiyanın növbədənkənar qurultayı keçirilib və səsvermə nəticəsində fəlsəfə üzrə fəlsəfə doktoru, publisist Adəm İsmayıl Bakuvi Vəhdət Partiyasının sədri seçilib.

Sədr Vəhdət Partiyasının gənclərlə işinin gücləndirməyi, vətəndaş- dövlət dialoqunu artırmağı və struktur şəffaflığı təmin etməyi prioritet elan edib.

Eyni zamanda, partiya sıralarına yeni üzvlərin cəlbi, modern idarəçilik alətlərinin tətbiqi, rayon təşkilatlarının bərpası və ictimai-sosial layihələrin təşkili istiqamətində aktiv addımlar atıb. Partiyanın fəaliyyətində ictimai dəstək, gənclərin siyasətə cəlbi və dövlət-xalq münasibətlərinin möhkəmlənməsi əsas elementlərdən birinə çevrilib.

Məqsədlər və ideologiya

Vəhdət Partiyasının nizamnaməsinə görə, partiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyi, demokratik, hüquqi və güclü dövlət qurulmasına xidmət etməyi özünün əsas vəzifəsi sayır.

Partiya Azərbaycançılıq ideyasını, milli birliyi və dövlət-xalq həmrəyliyini ön planda saxlayır. Eyni zamanda beynəlxalq hüquq normaları əsasında demokratik yollarla siyasi məqsədlərinə çatmağı hədəfləyir.

2025-ci ildə keçirilən tədbirlər və aktual fəaliyyətlər

Bu il partiya rayon təşkilatlarının yenidən təşkili, struktur islahatları və gənclərin fəallaşdırılması üzrə işini davam etdirib.

2025-ci ilin iyulunda keçirilən toplantıda partiya sədri Adəm İsmayıl Bakuvi ölkədə siyasi dialoqun gücləndirilməsi, vətəndaşlarla birbaşa təmasın artırılması və dövlətçilik məsuliyyətinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Təkcə bu il ərzində partiyaya minlərlə yeni üzv qəbul edilib, konfranslar, seminarlar, ictimai-siyasi müzakirələr keçirilib.

Gözləntilər və çağırış

Vəhdət Partiyası üçün əsas vəzifə - dövlətçilik ənənələrinə söykənən, demokratik prinsiplərə hörmət edən, vətəndaşla dialoqun açıq olduğu, cəmiyyətin səsini eşidən bir siyasi institutun formalaşdırılmasıdır.

Qarşıda duran hədəflər - bugünkü modern çağın tələblərinə uyğun olaraq şəffaflıq, gənclərin cəlbi, ictimai məsuliyyət və struktur islahatlarını davam etdirmək.

Bu gün münasibətilə həm partiya rəhbərliyini, həm üzvləri, həm də onu dəstəkləyən vətəndaşları təbrik edirik.

İnanırıq ki, Vəhdət Partiyası bundan sonra da Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayacaq, sabitlik, birlik və milli inkişaf naminə fəaliyyətini davam etdirəcək.