Şirvanda həkim fədakarlığı: kliniki ölümdən həyata qayıdış

15
Dek
09:07
thumb_down 0

Bir neçə gün əvvəl Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınan humanist və peşəkar tibbi müdaxilə ölkə ictimaiyyətində geniş rezonans doğurub.

Xəstəxananın Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə rəhbərlik edən həkim Jalə Müslümova cərrahiyyə əməliyyatından sonra kliniki ölüm halına düşən 37 yaşlı qadını 45 dəqiqə ərzində fasiləsiz aparılan ürək masajı ilə yenidən həyata qaytara bilib.

Baş vermiş hadisə ilə bağlı bu gün Vəhdət Partiyasının Şirvan şəhər təşkilatının sədri İlkin Nuralıyev və Salyan rayon təşkilatının sədri Sahil Rəhimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olublar.

Onlar partiya rəhbərliyi və üzvləri adından həkim Jalə Müslümovaya təşəkkürlərini çatdıraraq, göstərilən yüksək peşəkarlığın və fədakarlığın bir insan həyatının xilasında həlledici rol oynadığını bildiriblər.

Qeyd edilib ki, həyatla ölüm arasında gedən bu mübarizənin uğurla nəticələnməsi Azərbaycan səhiyyəsi üçün nümunəvi hadisədir və belə həkimlər cəmiyyət üçün xüsusi dəyər kəsb edir.

Göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirən Jalə Müslümova xilas edilən pasiyentin altı övlad anası olmasının məsuliyyəti daha da artırdığını vurğulayıb.

Onun sözlərinə görə, mümkün bir ailə faciəsinin qarşısı alınıb və əldə olunan nəticə tək bir həkimin deyil, bütün tibbi kollektivin birgə səylərinin bəhrəsidir.

“İlk andan etibarən komanda şəklində çalışdıq, ürəyin qapalı masajı fasiləsiz davam etdirildi və sonda müsbət nəticə əldə olundu. Bu uğur xəstəxanamızda çalışan hər bir həkim və tibb işçisinin həmrəy əməyinin göstəricisidir,” – deyə həkim qeyd edib.

resize (3) resize (4)