Ermənistanı silahlandırmağa başlayan Fransanın məqsədi nədir? – ŞƏRH + FOTO

23
Okt
22:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlərdə aktiv şəkildə Ermənistana siyasi dəstəyi ilə seçilən Fransa bu əməkdaşlığı daha da gücləndirmək və xüsusilə hərbi müstəviyə daşımaq üçün addımlar atmağa hazırlaşır. Belə ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu rəsmi Parisin Ermənistana hava hücumundan müdafiə silahları satmağa hazırlaşdığını, həmçinin iki ölkənin hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edəcəyini vurğulayıb.

Fransanın Ermənistanı silahlandırmasının siyasi nəticələri haqqında seher.media-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev xatırladıb ki, rəsmi Parisin anti-Azərbaycan, antitürk siyasəti, Ermənistanı açıq-aşkar dəstəkləməsi yeni hal deyil. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Fransanın bu siyasəti daha açıq şəkildə “türkəfobiya”, “Azərbaycanafobiya” şəklində təzahür etməyə başladı:

“Bu, Fransanın aqressiv geopolitik maraqlarından irəli gəlir. Fransa İkinci Dünya Müharibəsində qazanılmış qələbəyə parazit şəkildə şərik çıxan, müharibədə heç bir rol oynamayan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvü və nüvə ölkəsi olaraq, xüsusilə Avropa İttifaqı çərçivəsində daim özünü lider kimi görən ölkədir. Fransa özünü Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi təqdim etməyə çalışır. Ona görə, Fransa dünyanın müxtəlif regionlarına müdaxilələr, təzyiqlər etmək kimi destruktiv bir funksiyanı da öz üzərinə götürüb. 1957-ci ildə Avropa Birliyi Cəmiyyəti qurulduqdan sonra Fransa orada da əsas “skripka”nı oynamağa cəhdlər edirdi. Fransanın Avropa İttifaqında və ondan kənar regionlarda proaktiv siyasət aparması XX əsrin ortalarından başlayaraq, XXI əsr, yəni 2000-ci illərdən üzü bəri tam iflasa uğrayıb. Fransa düşünür ki, Cənubi Qafqazda Azərbaycana və Türkiyəyə düşmən mövqe tutan Ermənistanı manipulyasiya edərək bu siyasətini yürütsün. Buna baxmayaraq, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri separatizmin kökünün kəsilməsinə, Fransanın planlarının puç olmasına gətirib çıxardı.

İndi Fransanın Ermənistana hansısa yeni silahların verilməsi haqqında sərsəm bəyanatlarını eşidirik. Fransa erməni revanşizmini yenidən canlandırmağa çalışır, çünki bütün digər regionlarda Fransanın rıçaqları, təzyiq metodları alt-üst edilib. Emmanuel Makron isə Fransadakı erməni seçicilərin dəstəyini qazanaraq, növbəti seçkilərdə qələbə qazanmaq istəyir. Hazırda onun ölkənin daxilində reytinqi çox aşağıdır və bunu Fransada yaşayan ermənilərin hesabına düzəltməyə çalışır”.

Deputat hesab edir ki, Vətən müharibəsi, antiterror əməliyyatlarından sonra Zəngəzur dəhlizinin açılması Fransanın geosiyasi və geoiqtisadi cəhətdən tamamilə məğlubiyyətinə, siyasətinin fiaskosuna səbəb olacaq:

“Çünki Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan türk dünyasının döyünən ürəyinə çevriləcək, bütün türkdilli ölkələri birləşdirəcək. Türk dünyası yeni geosiyasi mərkəzə çevriləcək və artıq nəinki Cənubi Qafqazda, Mərkəzi Asiyada, Çindən Balkanlara, Macarıstana qədər olan böyük bir arealda Fransanın destruktiv siyasətini kökündən qabaqlayacaq. “Turan” layihəsinin gerçəkləşməsi Makronun kabusudur. Ona görə, regionda destruktiv fəaliyyətləri gücləndirməyi, həmfikirlərini ətrafına yığmağı istəyir. Ancaq Fransa Cənubi Qafqazda artıq məğlubiyyətə düçar olub.

Hesab edirəm ki, biz, Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılmasını tələb etməliyik. Çünki Fransa dünyada qəti şəkildə beynəlxalq sülh və təhlükəsizliyin qayğısına qalmaq iqtidarında deyil. Əksinə, bu dövlət beynəlxalq sülhə, təhlükəsizliyə təhdid yaradır və buna görə, Fransanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən çıxarılması tələb olunmalıdır.

Eyni zamanda, Fransanın parlamentarizm prinsiplərinə vurduğu zərbələri nəzərə alaraq, onun ərazisində yerləşən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasının binalarının Strasburqdan çıxarılmasını tələb etmək lazımdır. 1966-cı ildə Fransanın yeritdiyi aqressiv siyasət nəticəsində NATO-nun Parisdə yerləşən mənzil qərargahı Brüsselə keçirilmişdi.

Gələcəkdə Türk Dövlətləri Təşkilatında Fransanın siyasətini ifşa edən, onun qarşısının alınmasına yönələn preventiv tədbirlər həyata keçirməliyik. Bütün bunların fonunda UNESCO məsələsini də qaldırmaq olar. Bu ölkə beynəlxalq səviyyədə qeyri-maddi, mədəni irsin qorunması üçün mötəbər təşkilat olan UNESCO üzərində hakimlik edə bilməz, bu iqtidarda deyil”.

Aysel Aslan