Sumqayıtda kafedə insident olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin 21-ci mikrorayon, İsmət Qayıbov küçəsindəki kafelərdən birində baş verib. Burada çay içən müştərilərdən biri zarafatyana hesabı verməkdən imtina edib. Bu isə yan masada əyləşən digər müştəri R.R.-nın xoşuna gəlməyib.
O, ayağa qalxaraq pivə bakalı ilə həmin müştərinin başına zərbə endirib. Zərbənin təsirindən bakal qırılıb və o, qırıq bakalla zərərçəkənin qoluna da xəsarət yetirib.
R.R. polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.