Büt yaradıb odun üstünə benzin tökməyək

8
Dek
17:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Kərimov yazır...

İctimaiyyətdə zədəli münasibətlər çırta-çırt səs çıxararaq daimi yanan ocağa bənzəyir. İctimai daxili nüvəni də, onun xarici ətrafını da yandıran bu ocağın üzərinə tökülən yanacaqlar alovu yüksəklərə qaldırır.

Belə bir cəmiyyətdə alışdırıcı maddələri əlində hazır tutub odun içərisinə atmaq üçün himə bənd olanlar isə kütləvi xor formalaşdırır.

Budəfəki yazımda mən cəmiyyətdəki xor kapellasının hansı formada neqativ bir tendensiyanın inkişafı üçün əllərindən gələni etdiyinə toxunacağam.

Burada söhbəti bütləşdirmənin üzərinə fokuslamaq istəyirəm. Bütləşdirmə şəxsiyyətə pərəstiş prosesinin də üstünə çıxan proses kimi daha təhlükəlidir.

Bütləşdirmə kiminsə fəaliyyətini sorğusuz, mühakiməsiz, araşdırma etmədən alqışlamaq və həmin şəxsi ictimai bir idola çevirməkdir. Vay o gündən ki, həmin şəxsin neqativləri pozitivlərindən qat-qat çox ola!

Sizcə, bu, doğrudurmu? Mənə görə, nəinki yanlışdır, hətta zərərlidir, ictimai inkişafın hüceyrələrinə yeriyib onu içdən dağıdan bir yanaşmadır.

Cəmiyyət elə bir rejimə köklənir ki, vaxtı ilə büt etdiyini bir anın içində yuxarıdan aşağı çırpıb çilik-çilik edir və onu başqası ilə əvəzləyir. Tarixən formalaşmış bütlər sonrakı bəşəri ictimai-siyasi formasiyalarda artıq düşmən elan edilib, onların insani və ictimai əlaqələri necə dağıtdığı bildirilib.

Məncə, bütlər düşmən elan edilməli deyil, sadəcə olaraq, ümumiyyətlə bütə ehtiyac yoxdur.

Azərbaycanda bütləşdirmənin motivləri yarımçıqlıq kompleksindən qaynaqlanır, az qala, hamını dünyaşöhrətli alim, dünya səviyyəli yazıçı və sair elan edirik. Bu, özümüzdə tapmadığımız anlayış və yüksəksəviyyəli idealları süni bir obraz yaradaraq kompensasiya etməyə çalışmaqdır.

Sübut istəyirsən, deyirsən ki, süni dəyərlərlə tanıtdığın şəxsiyyətin dünyaşöhrətli olmasına dair hansısa dəlilin varmı? Varsa, bu hansısa bir araşdırmaya söykənirmi, yoxsa sadəcə, beyin məhsuludur? Cavab gəlmir, əksinə, ittihamı ittihama calayır, ictimai küyün bir iştirakçısı kimi səsini daha bərk çıxarır.

Görürsünüzmü, cəmiyyətdəki ictimai fikir toqquşmaları necə körüklənir, özü də arqumentsiz şəkildə ittihamlar havada vıyıldayır, bir az damara basan kimi təhqirlər səslənir. Beləcə, cəmiyyətin fərdləri bir-birini intellektual səviyyədə yox, düşmən kimi görürlər, bütü tərifləyən cəbhə əlinə silah alıb atəş açır.

Büt o zaman yaranır ki, kiməsə layiq olandan artıq qiymət verilir. Amma onların saxta üsullarla dəyərləndirilməsi ilə fəaliyyətləri arasında ciddi bir uyğunsuzluğun hökm sürdüyünü araşdırmaq müşkül məsələ deyil.

Lakin bu, ictimai və fərdi iradə tələb edir, görəsən, kim bu intellektual əziyyətə qatlaşıb kiminsə deyildiyi kimi olmadığını araşdırır?

Əziyyətli işin nəticəsi ictimaiyyəti qorxudur, “birdən, doğrudan da, biz düşündüyümüz kimi biri deyil” fikri yaranır, bütlə onun sındırılması prosesi arasında ciddi bir tərəddüd başlayır. Məncə, sərhədləri dağıdıb araşdırmaq lazımdır, kiməsə nə layiq olduğundan artıq, nə də aşağı qiymət vermək üçün bu, mütləqdir.

Bütü qırmaq üçün zehni məngənə arasında sıxılmaq və bir nəticəyə gəlmək fərdi və cəmiyyəti irəliyə aparır, nəinki süni təqdimatların ortasında vurnuxub ümumi xora qoşulmaq.