“Mən atamın vəsiyyətini yerinə yetirib Zəngilana gəldim. Lakin evimizdən geriyə qalan dağılmış divar, bir də anamın yağ qazanı idi”.
Bunu “Report”un Zəngilana ezam olunmuş əməkdaşına rayonun Ağalı kənd sakini Minayə Mahmudova deyib.
O, işğal zamanı kənddən necə çıxdıqları barədə danışıb:
“1993-cü ilin oktyabr ayı idi, atam qanıqara evə gəlib anamla nəsə danışdı. Bu söhbətdən sonra anamın da üzü tutuldu. Nə olduğunu soruşanda atam dedi ki, kənddən çıxmalıyıq. Yer sanki ayağımın altından qaçdı. Anam əşyalar götürmək istəsə də, atam dedi ki, ermənilər artıq kəndə girməyə hazırlaşır, tez çıxmalıyıq. Anam həyətimizdəki toyuq-cücələri hinə yığıb qapını bağladı. Atam təkid etsə də, hinin qapısını açmadı ki, qayıdacağıq. Beləcə, evdən çıxdıq”.
Ağalı sakini bildirib ki, ulu öndər Heydər Əliyevin təkidi ilə Araz çayının suyu azaldılmasaydı, yəqin ki, daha böyük faciələr yaşanacaqdı:
“Rayondan çıxa bilməyəcəkdik. İrana keçdik, oradan İmişliyə, İmişlidən isə Bakıya gəldik. İki övladımı yataqxanada böyütdüm. Daha sonra “Qobu Park”da dövlət tərəfindən ev verildi və Ağalı işğaldan azad olunana qədər burada yaşadıq. 44 günlük Vətən müharibəsi dövründə gecə-gündüz televizorumuz açıq idi, Prezident İlham Əliyevin xalqa müraciətini gözləyirdik. Müraciətlərində Zəngilanın işğaldan azad olunduğunu elan edəndə Allaha şükür səcdəsi etdim. Ondan sonra bu şad xəbəri atama şəxsən özüm vermək üçün qardaşımgilə getdim. Atam yataq xəstəsi idi. Ona Zəngilanın işğaldan azad olunduğu xəbərini verəndə ağlamağa başladı və yastığının altından evimizin paslanmış açarlarını çıxarıb mənə verdi, bala, mən gedə bilməsəm də, sən evimizə get dedi. Bu hadisədən bir həftə sonra da vəfat etdi. Mən atamın bu vəsiyyətini yerinə yetirib Zəngilana gəldim. Lakin evimizdən geriyə qalan bir dağılmış divar, bir də anamın yağ qazanı idi”.
M.Mahmudova əlavə edib ki, dövlət Ağalıda yaşamaq üçün yaxşı şərait yaradıb:
“Ali Baş Komandanımız və rəşadətli ordumuzla qürur duyuruq. Bu torpaqlar üçün öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Bu gün Ağalının üzü məhz onların sayəsində gülür, Ağalıda yenidən vətənpərvər, gələcəyi parlaq nəsil yetişir”.