Bakı şəhərinin Nərimanov rayonu, Vaqif prospektində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ-2121 və “Saipa” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Saipa” markalı avtomobilin sürücüsü ilə sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.