Sabunçu rayonunun Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində əvvəllər Leyla Vəkilovanın, hazırda isə şəhid Ülvi Rəfiyevin adını daşıyan küçənin sakinləri yollarının bərbad halda olmasından şikayətçidirlər.
“Qafqazinfo”ya müraciət edən bir qrup sakinin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyətdə heç bir dəyişiklik olmayıb:
“Təxminən 1 ildir bu küçəyə şəhid Ülvi Rəfiyevin adı verilib. Şəhidin adını daşıyan küçənin yolları isə bərbad haldadır. Küçənin yollarının asfaltlanmasına görə söz verilsə də, yol düzəlməyib”.
Məsələ ilə bağlı Maştağa Qəsəbə Nümayəndəliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Rayonun bütün qəsəbələrində olduğu kimi Maştağa qəsəbəsində də qəsəbədaxili yolların təmiri və asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Ülvi Rəfiyev (keçmiş Leyla Vəkilova) küçəsində də yolun asfaltlanması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət edilib”.
Şikayətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil:
“Yalnız investisiya proqramı daxilində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri icra olunur. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət əsasında əgər həmin ərazilər investisiya proqramına daxil edilərsə, o zaman agentlik tərəfindən təmir işləri baş tuta bilər. Hazırda Sabunçu Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciəti əsasında investisiya proqramına Zabrat qəsəbəsindən 1 küçə, Sabunçu qəsəbəsindən 1 küçə və Ramana qəsəbəsindən 2 küçə daxil edilib. Əgər müraciət əsasında növbəti investisiya proqramına sözügedən ərazilər də daxil edilərsə təbii ki, icrası tərəfimizdən təmin oluna bilər”.