Evimizin yanındakı bağdakı zibil qutularının yanından keçərkən rayon kommunal təsərrufatı birliyinin xidməti paltarını geyinmiş cavan və gözəl bir qadının qutuların qapaqlarını bərk-bərk sildiyini gördüm. Çox təəccübləndim, çünki birinci dəfə idi ki, burada belə bir ciddi təmizlik işi aparıldığını görürdüm.
Yaxınlaşıb qadına müraciət etdim:
– Xanım, bir qapağa görə niyə bu qədər səy göstərirsiniz?
Qadını gözlərini mənə zillədi:
– Məndən də xanım olar?! Təkbaşına iki uşaq böyüdürəm, neyləyim, məcburam. Məni bura göndəriblər ki, bu zibil qutularını silim. Çarəm nədir, etməliyəm.
Söz tapmadım. O, haqlı idi və ona tapşırılan işi yerinə yetirirdi.
Təxminən, bir saat sonra gəzintidən qayıdanda həmin qadınla yenə də qarşılaşdım. Bu dəfə o, zibil qutularının yanındakı səkinin üstündə oturub düşüncələrə dalmışdı. Onu fikrindən ayırdım:
– Burada niyə oturmusan, işini qurtarmısan axı?!
Qadın bu dəfə də narazı şəkildə cavab verdi:
– Müdir əmr verib ki, burada oturub gözləyim. Çünki böyük müdirlərdən kimsə əraziyə gəlməlidir, yalnız o, gəlib-gedəndən sonra buranı tərk etməliyəm.
Mirzə Cəlilin məşhur “Poçt qutusu” hekayəsi yadıma düşdü. Əhvalım dəyişdi, sanki havam çatmırdı. Nə isə yoluma davam etdim.
Bir neçə gündən sonra yenə həmin yerdən keçirdim. Hava qaralmışdı. Gördüm ki, yalnız gözləri görünən, üzübağlı bir qadın yanında iki uşağı ilə zibil qutularını eşələyir. Uşaqlardan biri qız, o biri oğlan idi.
Bu an oğlan uşağının səsi qulaqlarımı titrətdi:
– Ana, bu ayaqqabılar gör nə qəşəngdir?!
– Bilirəm, sənin ayağına olacaq. Götür onları...
Qadının səsi tanış gəldi. Qəfil duruxdum. Bu, halına yandığım həmin gözəl simalı gənc qadın idi. Övladlarına ayaqqabı axtaran biçarə ana heç kimin onu tanımaması üçün üzünü gizlətmişdi.
Uşaqlar isə hay-küylə sevinclərini gizlədə bilmirdilər. Bir azdan yeni ayaqqlabılarını ayağına geyinib onları sınaqdan keçirən oğlanın səsi yenə ətrafı bürüdü:
– Ana, gör necə təzədir, heç ayaqlarımı sıxmır da. Gör, bacımın ayaqlarına da düşəni var?..
Həmin an həyatın acı sərtliyindən canıma üşütmə düşdü və tələsik oradan uzaqlaşmağa çalışdım. Mən bu məqamda gənc ana və övladlarının tapdıqları “qənimətə” - təzə ayaqqabılara necə ürəkdən sevindiklərini sözlə ifadə edə bilmirəm.
Əslində, həyatın amansızlığına baş əyməyən, sınmayan bir ana kəşf etmişdim. Onun üçün övladlarının sıxıntıdan qurtulmaları simasında gizlətdiyi və bəlkə, də əhəmiyyətsiz bildiyi gözəlliyindən daha qiymətli idi...
Səhəri gün zibil qutularının yanından keçəndə bir cüt köhnə ayaqqabı gördüm. Həmin qadının oğlunun köhnə ayaqqabıları idi.
O, yeni ayaqqabılarını geyinib köhnələri həyatın zibilliyinə atmışdı...
Oradan bahalı maşınlarda keçib gedənlər isə bu ailənin qayğılarının fərqində deyildilər.
Kəmalə ABDİNOVA