MƏNİM SƏN ADINDA XƏSTƏLİYİM VAR... - SONA İNTİZAR

1
İyn
23:33
thumb_down 1

Deməzdim soyuq, amma narın qarlı bir havada qələmim səndən danışmaq istədi. Bilmirəm niyə bu qədər doğmasan axı...? Sanki hansısa başqa bir dünyada yarım qalmış bir ömrümüz olub, bəlkə də iki sevib qovuşmayan ruhlar bizim cismimizə daxil olub rastlaşdılar. Hər sözün dərdimə məlhəm, hər kəlmən yaralarıma əlac kimi gəlir. Əllərimə hər toxunanda bu hiss mənə doğmalıq təsiri bağışlayır. Nəfəsin o qədər əzizdir, bir bilsən...

Özümə ayna qarşısında sual verirəm: İntizar sevirsənmi? - deyə...

Sevgi sözünü eşidəndə gözlər necə parlayar, İlahi! Saçlarımı sığalını sən olmazkən duyur... Qulağımda səsin sən susarkən səslənir...

Bəlkə də qarışdırıram hisslərimi... bu bəlkə də heç sevgi də deyil. Bu bir tutqunluqdur... yox, yox... adını tapdım. Bu yoluxucu xəstəlikdir, bütün ruhumu saran, damarıma qədər çökən xəstəlik. Ürəyimi tez tez döyündürür, tənginəfəslik yaradır, dodaqlarım çatlaq, barmaqlarım qələmi tutmağa belə taqətsiz olur. Təkcə gözlərim günü gündən parlayır. Mən sənə yoluxmuşam...

Heç bilirsiniz susqun qalıb sadəcə baxışla anlamaq nədir? Heç bilirsiniz saatlarca danışıb günün doğuşunu qarşılayıb, batışını uğurlamaq nədir? Yatanda nəfəsinə sarılıb yatmaq, uzaqda olsa belə səhəri ruhunun toxunuşu ilə oyanmaq nədir? Bunu belə bir eşqi yaşayan anlar...

Hər kəsin dərdi və eşqi özünə böyük görünür, bu müzakirəsiz belədir. Amma bunu bir arada yaşamaq ayrı duyğudur. Heç gözləmədiyin anda gələn zəng, yazılan xoş bir söz, çəkilən şəkil, illərlə ürəyində büküb kənara qoyduğun bir arzunu saniyələr içərisində real həyatda yaşamaq...

Adını dodaqlarına belə qısqandığın bir eşq!

Yoluxduğum bu xəstəlikdən sağalmaq istəmirəm.

Qarşılıqlı sevgi sağalmasını istəmədiyimiz bir xəstəlikdir... SEVGİYƏ YOLUXUN...

SONA İNTİZAR/01.06.2024/BAKI