Salam qələm... Niyə qəlbimin qırıldığı hər dəfəsində ilk sarıldığım sən olursan..? Niyə sənin qucağına sığınıram...
Mürəkkəbin məlhəm kimi gəlir mənə. Hərflərin sətirlərdə düzülüşü bəzən mirvarinin sapa toxunuşu qədər incə olur. Bəzən isə qəlbimdə qopan fırtına yeni abzaslarda dəli dənizi coşduraraq dalğasını çırpır qaya kimi görünən nöqtələrə...
Nədir qoyduğun o suallardakı qeyri-müəyyənlik... nədir nidalarındakı hiddət... nə gəlir yenə o vergüllərin ardınca ey ilham pərisinə qul olan qələm...
Arada ağlın hökmünə də yan baxırsan sanki, sən daha ağıllısanmış kimi. Hərdən yumruq boyda ürəyə kölə kimi təslim olursan. O yumruğu əmələ gətirən barmaqlar arasından etiraz etməyi də bilirsən amma ki...
Nədir görəsən o taleyin qələmi ilə sənin arandakı fərq? O qalır, sən pozulursan...
Səni qılınca bənzədənlər də az deyil. Kəsərli sözlər yazdığında yalnız qəlb yaraladığının fərqindəsənmi?
Sənə o qədər sualım var ki QƏLƏM... Cavabına mürəkkəbinin yetməyəcəyi qədər, açıqlamağa məcbur ediləcək qədər...
Fələyin də qələmi var, mənim də... o nələr yazdı məndən, mən nələr yazım axı ondan...
Mələyin də qələmi var, mənim də... o günah-savablarımın qeydini aparır, mən mürəkkəbi bitmiş qələmimin meydini...
Etiraz səsini vərəqlərdə boğan qələmlərin mürəkkəbi bitəndən sonra qırılaraq atılan qalıqlarına biganə yanaşan qələm tutanlara qələmlərə sevgi ilə toxunan SONA İNTİZARDAN...
04.07.2024/Xırdalan