Qohum evliliklərinə son qoyulacaqmı?!

5
İyl
15:05
thumb_down 0

Günümüzdə hər qələm tutan nəyisə yazır, nəyisə pozur. Bəzən gündəmi zəbt edən məsələlərə don geyindirib camaata yeni “dəb” adıyla geyindirməyə cəhd edirlər. Deməklə bitmir ki, bu dəlixanaya dönmüş həyatın dəbləri... İndi də, dərdimizə əlacdırmı, ya yeni dərd gəlir dərdin üstünə, bax onu yaşadıqca görəcəyik.

Keçək mövzuya.

Bu gün ən aktual mövzuya toxunmaq istəyirəm. Yeni başağrı dərdimiz qohum evliliklərinə son qoyulmasıdır. Hə, deyirlər daha qohumlar ikiqat qohum ola bilməz. Doğrudur, bu birmənalı qarşılanmadı. Qohum evliliklərindən doğulan sağlamlıq məhdudiyyətli günahsız körpələr hələ həyatı dərk etmədən acımasızlığı ilə mübarizəyə başlayırlar. Ona görə də, bu qanun bu mənada bizi sevindirməyə bilməz.

Amma, keçək pərdəarxası məqamlara. “ASAN” xidmətə nigah üçün müraciət edənlər şəffaflığı bilir. Sistem hər şeyi həyata keçirdikdən sonra könüllü olaraq cavablandırırsan verilən sualları. Sonra araşdırılır hər şey, bir aydan sonra nigah mümkündürsə “gəl götür şəhadətnaməni, get”, Allah mübarək eləsin.

Qayıdaq rayon VVAQ şöbələrinə. Gözünüz aydın, gəlir “şirinliklər”. “Göbəkkəsdi”, “əhd eləmişik”, “siz də müsəlmansınız”, “düşmən deyilik ki”, “evdə xəstəmiz var”, “ölməmiş toy görsün” və s. kimi hər ölçüdə “yeni dəb geyimlər” gələcək gündəmə. Və VVAQ rəisləri (istisnalarla) görüm baxımla işlərini aşıracaqlar. Bəs onlara nəzarəti kim edəcək? Yenəmi bu qanunda boşluğa yol veriləcək? Yoxsa, ərazi üzrə kurtorlar məsələyə cəlb olunacaq?

Nəsə mənə elə gəlir ki, baxım-görümlər şirin şeydir. Cib dolacaq, vicdan boş qalsa da olar...

Hələ nə xəbərlər eşidəcəyik, onu artıq mən deyə bilmərəm.

Qələmimin qulağından iraq!

SONA İNTİZAR