Xəbər verdiyimiz kimi 26 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 27.02.2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşüb.
Faktla bağlı İmişli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən cinayət işinin başlanılması haqqında 09 yanvar 2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərara əsasən 11 yaşlı Rasimin suya düşməsi ehtimal olunub.
“Rasim düşdüyü ehtimal olunan kanalda Azərbaycan Respublikası FHN-in Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş genişmiqyaslı axtarış tədbirlərinin müsbət nəticəsi olmadı. Ümumiyyətlə ilk gündən 11 yaşlı Rasimin suya düşməsi ehtimalı inandırıcı görünməyib. Buna ilkin səbəb Rasimin geyim əşyalarının ərazidə spontan şəkildə- bir-birindən xeyli məsafədə səpələnməsi gerçəkliyi idi.
Nəzərinizə çatdırım ki, hadisənin baş verdiyi ərazidə kanal boyunca “İmişli Suvarma Sistemləri İdarəsi”nə məxsus olan kameralar quraşdırılmış, habelə ərazidə xidmət aparan “Qaragüvəndikli” sərhəd zastavasının müşahidə kameraları ərazini nəzarətdə saxlamaq imkanında olub,”- deyə hüquqşünas bildirib.
Səlahiyyətli nümayəndə Samir Zeynalovun sözlərinə görə ərazidə olan kameralara vaxtında baxılması təmin edilməyib. .
(Hüquq müdafiəçisi Samir Zeynalov)
” İmişli rayon prokuroru Valeh Səmədov tərəfindən hadisənin detallarının müəyyən olunmasında əsas mötəbər mənbə olan kameralara əyani baxışın keçirilməsi vaxtında təmin edilməmiş, habelə DSX-ın kameralarına baxışın keçirilməsi məqsədilə də aidiyyatı üzrə sorğu verilməmişdir.
Qeyd olunan hərəkətsizliklərə baxmayaraq, rayon prokuroru 5 ay ərzində Rasimin atası və iş üzrə şahid qismində tanınaraq dindirilmiş Vasif Xankişiyevi və onun ailə üzvlərini guya yuxarıda qeyd olunan məsələlərlə bağlı addımların atıldığını, lakin kameraların işləmədiyini, eləcə də DSX-ın kameralarının göstərilən ərazini müşahidə etmədiyini bildirmişdir.Lakin bununla bağlı iş materiallarında heç bir rəsmi sənəd və qeyd mövcud deyil.”,-deyə hüquq müdafiəçisi bildirib.
Samir Zeynalov ailənin televiziya verilişinə üz tutmasından da danışıb.
“Rasimin ailəsi çarəsiz vəziyyətdə olduqlarını nəzərə alaraq eyni zamanda “Səni Axtarıram” adlı verlişə- həmin verlişin aparıcısı və lahiyə rəhbəri, tanınmış əməkdar jurnalist Xoşqədəm Hidayətqızına müraciət etmişdir.
Lakin geridə qalan və itirilən 5 ay ərzində Rasimlə bağlı verlişdə gedən müzakirə və araşdırmamın müsbət nəticəsi olmamışdır. Buna səbəb isə elə Xoşqədəm Hidayətqızının özü olmuşdur.
Belə ki, X.Hidayətqızı ailənin nəzərində efirdən qəti şəkildə vəd etmişdir ki, o, Rasimi tapacaq. Sözügedən şəxsin bir çox şəxsləri taparaq doğmalarına qovuşdurmasını nəzərə alan ailə ona bu minvalla inanmış və bundan başqa çarələrinin olmadığını düşünmüşlər.
Beləliklə, 2024-cü ilin yanvar ayının 8-dən aprel ayının 26-dək ARB kanalında yayımlanan “Səni Axtarıram” verlişində Rasimlə bağlı müzakirələr getmiş, onun itkin düşməsində şübhəli görünən kənd sakinlərindən müsahibələr alınmışdır.
alınmışdır.
Lakin 5 aylıq ictmai müzakirələrin nəticəsində X.Hidayətqızı vədini yerinə yetirə bilməmişdir. Vədini yerinə yetirə bilməyəcəyini görən sözügedən şəxs ailənin, xüsusən Rasimin valdeyinlərinin düşdüyü acınacaqlı vəziyyəti nəzərə almayaraq, Rasimin axtarışı ətrafında saxta ssenari hazırlmışdır.
Qeyd olunan ssenarinin əsas məzmunu Rasimlə bağlı efirə gələn saxta zənglər, habelə onu gördüm deyən şəxslərin yalan informasiyaları bağlı idi. Verlişin bölümlərinin birində hətta X.Hidayətqızı Rasimin ona gecə “whatsupp” əlaqə vasitəsi üzərindən ona ismarıc yazdığını, həmin ismarıcda anasını ondan soruşduğunu bildirmişdir.
X.Hidayətqızının şəxsi ambisiyalardan irəli gəlmiş ən böyük xətası o olmuşdur ki, verlişdə kifayət qədər hüquqşünasların iştirak etməsinə baxmayaraq, o, bu işə hüquqşünasın(vəkilin) təhkim edilməsində maraqlı olmamışdır. Bu baxımdan təsadüfi deyil ki, işin icrası əvvəllər vəkil Nail İbrahimov adlı şəxsə həvalə edilsə də, daha sonra nümayişkarənə şəkildə o, bu işdən uzaqlaşdırılmışdır. Bununla da işin icraatı ilə bağlı prokurorluqda gedən proses prosessuallıq baxımından diqqət mərkəzində və təqibdə olmamışdır. Bu minvalla X.Hidayətqızı “Rasimin axtarışını” ənənəvi şou predimetinə çevirmiş, izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldatmış, Rasimin aqibətini diqqət mərkəzində saxlayan hər kəsin duyğularını mənəviyyatsızcasına istismar etmişdir.
Nəzərinizə çatdırım ki, mən də, hüquqşünas olaraq ekspert qismində həmin verlişdə iştirak etmişəm və X.Hidayətqızının yuxarıda qeyd olunan saxta və mənəviyyatsız əməllərini gördükdən sonra 26 aprel 2024-cü il tarixdən etibarən verlişdən birdəfəlik uzaqlaşmışam.”,-deyə hüquqşünas bildirib..
Samir Zeynalov bildirib ki, məsələ ilə bağlı rəsmi şəxslərlə görüşlərdə olub.
“30 aprel 2024-cü il tarixdən etibarən isə 11 yaşlı Rasimin atası Xankişiyev Vasif Vaqif oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qismində Rasimin axtarışı ilə bağlı açılmış cinayət işi üzrə icraata daxil olmuşam.
Qeyd olunan tarixdə İmişli rayon prokuroru Valeh Səmədovla Rasimin ailəsinin iştirakı ilə görüşümüz baş tutmuşdur.
Görüş zamanı məlum olmuşdur ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Rayon prokuroruna iş materialları ilə tanış olmağımıza şərait yaradılması haqqında vəsatət təqdim etməyimizə baxmayaraq, vəsatətimiz təmin edilməmişdir. Buna səbəb kimi o göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən şahidin iş materilları ilə tanış olmaq kimi hüququ yoxdur. Lakin geridə qalan və heç bir müsbət nəticə hasil etməmiş 5 aylıq müddəti nəzərə alaraq, bu xahişimiz əsaslı idi. Buna həm də CPM-in 121.2-ci maddəsi təminat verirdi.
10 may 2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir.
Həmin tarixdə gözlənilməz şəkildə həm də o müəyyən olunmuşdur ki, geridə qalmış 5 ay ərzində DSX-ın kameraları ilə bağlı aidiyyatı üzrə sorğu göndərilməyib və rayon prokurorunun deməsinə görə sorğu may ayının əvvəllərində, yəni yenicə göndərilib. O, sorğunun bu qədər müddət ərzində göndərilməməsinin səbəbini açıqlaya bilməmişdir.
13 may 2024-cü il tarixdə əlavə təminat olaraq nümayəndəsi olduğum şəxsin adından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevə kameralara baxışın keçirilməsinin təmin edilməsi ilə bağlı yazılı şəkildə sorğu ilə müraciət etmişəm.
21 may 2024-cü il tarixdə müraciətmiz nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atası Vasif Xankişiyevi Bakı şəhəri Nizami Rayon Prokurorluğunun İnzibati Binasında şəxsən qəbul etmişdir.Görüş zamanı cənab Baş Prokurordan iki xahişimiz olmuşdur:
1. İşin icraatının Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilməsi;
2. İş materialları ilə tanış olmağa şəraitin yaradılması.
Baş Prokuror cənab Kamran Əliyev hər iki xahişimizi anlayışla qəbul etmiş və təmin ediləcəyini vəd etmişdir.
Birinci xahişimiz təmin edilərək icra olunsa da, ikinci xahişimizin icrası tabe prokurorluq tərəfindən təmin edilməmişdir.
25 iyun 2024-cü il tarixdə DSX-dən verdiyimiz sorğuya cavab olaraq bildirilmişdir ki, istintaq orqanı tərəfindən kameralara baxış keçirilməsi ilə bağlı xidmətə rəsmi müraciət daxil olmamışdır.
Əlavə olaraq nəzərinizə çatdırım ki, 11 yaşlı Rasimin aqibətinin müəyyən edilməsi ilə bağlı DSX-ın vəzifəli şəxslərinin qəbulunda da olmuşuq. Qəbul zamanı prokurorluğun yol verdiyi səhlənkarlıqlar qəbulu həyata keçirən vəzifəli şəxslər tərəfindən də xüsusi vurğulanmışdır.
Qeyd edim ki, 11 yaşlı Rasimin müəmmalı şəkildə itkin düşməsi və aqibətinin bu günə qədər yuxarıda qeyd olunan arzuolunmaz səbəblərə görə müəyyən edilməməsi son dərəcə ictimai əhəmiyyət kəsb edən bir haldır. Cəmiyyətin böyük bir qismi Rasimin taleyindən nigarandır. Rasimin ailəsi isə sözsüz ki, pərişandır.”,-deyə səlahiyyətli nümayəndə Samir Zeynalov bildirib.
Oxu24.com yazıda adları hallanan şəxslərin mövqeyini təqdim etməyə hazırdır.
Miri Məcidli