"Sülhün açarı türklərin əlində olacaq" - Paşinyan iki il vaxt istəyib

18
İyl
15:54
thumb_down 0

"Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasını dəyişdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevdən 2026-cı ilə qədər möhlət istəyib və parlament seçkisindən sonra bunun mümkün olduğuna söz verib".

Belə bir məlumatı Ermənistanın "Hraparak" nəşri yayıb. Məsələ Ermənistanda olduğu kimi, Azərbaycanda da bəzi suallar doğurur.

Görünür, Paşinyan iki il vaxt istəməklə bir tərəfdən, daxili auditoriyanı prosesə hazırlamaq istəyir, çünki cəmiyyətin, xüsusən də revanşist kəsimin, buna münasibəti birmənalı olmayacaq. Digər tərəfdən isə Paşinyanın hiyləgər xislətini nəzərə alsaq, deyə bilərik ki, o, iki il müddətində mənfur planlarını həyata keçirmək üçün vaxt qazanmaq istəyir. Çünki erməni baş nazir dəfələrlə müxtəlif platformalarda müxtəlif açıqlamalar verərək təxribatçı mövqeyinə zəmin formalaşdırıb. Bəs belə olan halda erməni baş nazirin vədinə əməl edəcəyi nə qədər real görünür?

seher.media-ın suallarını Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay cavablandırıb:

- Azərbaycan 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərinin böyük hissəsini işğaldan azad etmişdi. Lakin Rusiya proseslərə müdaxilə edərək noyabrın 10-da Ermənistanla Azərbaycan arasında atəşkəslə bağlı razılıq əldə etdi və Üçtərəfli Bəyannamə imzalandı. Bəyannaməyə uyğun olaraq, Rusiya sülhməramlı qüvvələri Qarabağa yerləşdi. Bunun fonunda Nikol Paşinyanın Qarabağ probleminin onlara aid olmadığını bildirməsi Rusiya Prezidenti Vladimir Putinin "Qarabağda status-kvo dəyişib" deməsi ilə nəticələndi. 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Qarabağı tamamilə azad etdi və qondarma rejim tarixə qovuşdu. Artıq Azərbaycanla Ermənistan arasında hər hansı bir ixtilaflı məsələ qalmadığı üçün sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası yenidən gündəmə gəldi.

Təbii ki, bu istiqamətdə Türkiyənin də rolunu danmaq olmaz. Belə ki, 1991-ci ildə SSRİ süqut edəndən sonra Türkiyə üç Cənubi Qafqaz ölkəsinin - Azərbaycanın, Gürcüstanın və Ermənistanın müstəqilliyini tanıyıb, Azərbaycan və Gürcüstanla diplomatik münasibətlər qursa da, Ermənistanın Azərbaycan ərazilərini işğal etməyə başlaması Türkiyənin Ermənistanla sərhədlərini bağlaması ilə nəticələndi.

2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyannamə ilə Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını gündəmə gətirdi. Lakin Türkiyə, xüsusilə Cənubi Qafqazdakı geosiyasi durumu Azərbaycanın lehinə çevirə bilmək üçün üçtərəfli sülh müqaviləsini davamlı olaraq vurğuladı.

Azərbaycan isə ehtiyatı əldən buraxmayaraq, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Çünki Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bu baxımdan, Cənubi Qafqazda sülhün deyil, qarşıdurmanın davam etməsini istəyənlər həm bu məsələ, həm də müxtəlif bəhanələrlə Ermənistanla Azərbaycan arasında yeni münaqişə ocaqlarının yaranmasına çalışırlar.

- Sizcə, mövcud vəziyyəti nəzərə alsaq, bu prosesləri yekunlaşdırmaq üçün iki il çox deyil?

- Nikol Paşinyan konstitusiyaya dəyişiklik edilməsi üçün iki ilin tələb olunduğunu daxili bürokratiyanı nəzərə alaraq deyir, Azərbaycan isə əks halda ümumiyyətlə sülh müqaviləsinin mümkünsüzlüyünü bildirir. Sülh müqaviləsi də imzalanmasa, Cənubi Qafqazda istənilən an qarşıdurma yaşana bilər. Bu baxımdan, Ermənistan sülhə mane olan tərəf olduğu üçün gələcəkdə özünə dəstək qazanaraq, himayədarlarının da dəstəyi ilə revanşist addımlarını davam etdirə bilər. Buna görə də hazırkı sülh gündəliyini rəhbər tutaraq, Azərbaycan-Ermənistan-Türkiyə üçtərəfli sülh sazişini davamlı gündəmdə saxlamaq lazımdır.

- Ermənistanın sülh və sabitlik tərəfdarı olmayan, münasibətlərin normallaşmasına bilavasitə əngəl törədən havadarları, xüsusən Fransa və Amerika Birləşmiş Ştatları Paşinyanın bu prosesi həyata keçirməsinə, yəni sülhə mane olan əsas problemi aradan qaldırmaq cəhdinə razı olacaqlar?

- Təbii ki, Ermənistan, həmişə olduğu kimi, zaman qazanmaq, dolayısı ilə müttəfiqlərinin sayını artırmaq istəyir. Ermənistan həm də Rusiyanın ayağını regiondan kəsmək üçün Fransa və ABŞ-ni Cənubi Qafqaza gətirərək Moskvaya qarşı yeni cəbhə formalaşdırmaq niyyətindədir. Sülh müqaviləsi Ermənistana həm də bunun üçün lazımdır.

- Sizcə, Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin Ermənistanla bağlı mövqeyi dəyişə bilərmi? Çünki sabiq prezident daha çox ölkədaxili problemlərin həllində maraqlıdır, nəinki qlobal.

- Təbii ki, ABŞ-dəki seçki bütün dünyanı yaxından maraqlandırır. Hər nə qədər hazırda Trampın seçkini qazanmaq ehtimalının daha çox olduğu deyilsə də, nəticə etibarilə o hələ prezident deyil. Əgər Co Bayden təkrarən seçilsə, Rusiyaya qarşı yeni cəbhələr açıla bilər. Amma Tramp iqtidara gəlsə, Rusiyaya daha yaxın bir siyasət strategiyası yürüdəcəyi bütün dünyanın müzakirə etdiyi məsələdir. Təbii ki, bu narahatlıq Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə nə qədər təsir edəcək, bu mövzuda Birləşmiş Ştatlar Ermənistana dəstək verməyə davam edəcəkmi, yoxsa Trampın təşəbbüsü ilə Rusiya yenidən bölgəyə müdaxilə edəcək - təbii ki, bütün bunlar gələcəkdə məlum olacaq və kifayət qədər ciddi məsələlərdir.

- Bütün bunların fonunda Ermənistan konstitusiyası dəyişsə və sülh müqaviləsi imzalansa, proseslərin inkişafına hansı təsiri olacaq? Regionda yeni dövr başlaya bilərmi?

- Bunun üçün türk dövlətləri arasında arasıkəsilməyən əlaqələr qurulmalıdır. Burada isə Türk Dövlətləri Təşkilatının üzərinə böyük iş düşür. Artıq türk dünyası öz coğrafiyasında öz nəzarətindən kənar qarşıdurmalarla üz-üzə qalmaqdansa, öz daxili məsələlərini həll etməyin yollarını axtarmalıdır. Bu reallaşandan sonra sülhün açarı da türklərin əlində olacaq.

Aqil Vəlili