Narıngül Nadirin nəsr əsərləri və qadın dünyasına baxış - İLAHƏ SƏFƏRZADƏ

27
İyl
11:51
thumb_down 0

Xüsusən də, müasir dövrdə qadın yazıçılar ədəbiyyat tarixində mühüm rol oynayırlar və bu rolun zaman irəlilədikcə daha gözəçarpan boyalarla özünü əks etdirəcəyinə əminlik duyğusu içərisindəyik. Maraqlı fəlsəfi şeirləri ilə diqqətimi çəkdiyi üçün son zamanlar nəsr əsərlərinə də müraciət elədiyim yazıçılardan biri də Narıngül Nadir oldu. O, “İşıqda adiləşmək qorxusu”, “Qadın da ağac kimidir” şeir kitablarının və  “Güzgüdəki qadın”,  “Qar çiçəyi”, “Günəş üzlü qadın”, “Çilli qız” adlı nəsr kitablarının müəllifidir. Yazıçının istər şeir kitablarında, istərsə də nəsr əsərlərinin təkcə adlarına nəzər saldıqda belə oxucuya müəyyən mesajlar ötürülür. Belə ki, müəllifi maraqlandıran mövzuların əsasını elə qadın, onun həyatı, əldə etdiyi uğurlar, itirdiyi xoşbəxtlik, qazandığı sevinc – bir sözlə, qadın və onun taleyi məsələsi ön plandadır. Müəllif öz əsərlərində, həmçinin ailə münasibətləri, qadın hüquqları və onların təcrübələri kimi mövzularda da oxucuya unikal perspektivlər təklif edir, çətin vəziyyətlərdə qalan qadınların həyatına işıq olması üçün müəyyən yollar göstərir, onlara stimul ola biləcək baxış bucağı təqdim edir.

Belə əsərlərdən biri də onun “Çilli qız” povestidir. Əsərin baş qəhrəmanı sadə kənd qızıdır. O, yaşadığı mühitlə özü arasında böyük uçurum görür və bir növ xoşbəxtlik axtarışına çıxır. Müəllif yaşadığımız həyatı nağıla bənzədir və özü də qeyd edir ki, bu həyatda hamının öz nağılı var. Povestdə Azərbaycan xalq nağılları və nikbin sonluqla tamamlanan dastanlardan irəli gələn motivlər var. Belə ki, baş qəhrəmanın xoşbəxtlik axtarışında qarşısına bir çox əngəllər çıxsa da o sarsılmır, yoluna davam edir. O, pozitivdir və maneələri aşmasında elə bu həyata müsbət baxışın böyük rolu var. Fəlsəfə və psixologiyada belə bir qavram var ki, həyata necə baxsaq, o da zamanla bizə eynisini geri qaytarar.

Çilli qızı –Səmanı anası kənddə hansısa bir oğlana nişanlamaq üzrədir. Çünki o, öz övladlarını atasız böyütmək məcburiyyətində qalmışdır və qızlar böyüdükcə onları evləndirib rahatlığa qovuşacağına inanır. Amma Səmanın arzuları var. O, ali təhsil almaq, iş həyatına qarışmaq, üstəlik də, özünün sevdiyi kişi ilə evlənmək fikrindədir. Buna görə də bir sabah anası evdə yox ikən məktub yazaraq şəhərdə iş tapdığını və yaxın zamanda yaşadığı ünvanı onlara da xəbər edəcəyini bildirib evdən qaçır. Əslində, bu belə də olmuşdu. O, televiziyada gördüyü verilişdəki rəssama aşiq olmuş, onunla əlaqə saxlayaraq emalatxanada işə düzəlmək niyyəti ilə şəhərə yollanmışdı. İlk gün onun üçün çox uğursuz olsa da, sonrakı günlərdə keçmişlərində çox qəribə həyat hekayələri olan və elə bu həyat əhvalatının nəticəsi olaraq səfillərə miras qalmış evdə gecələyir. Onlar ər-arvad idilər və qadın Səmaya xoş davranır, ona evində nə qədər istəsə qalmasını söyləyir. Səma artıq emalatxanada işə düzəlmişdi və rəssamla da aralarında sevgi münasibətləri yaranmışdı. Amma tale onları ayırır və Səma rəssamla münasibətləri kəsildikdən sonra hamilə olduğunu bilir. O, uşağını dünyaya gətirir, şəhərdə dostlaşdığı rəfiqəsi ilə birgə ona baxırlar. Eyni zamanda hazırlaşıb universitetə də qəbul olur, böyük uğurlar, nailiyyətlər əldə edərək işlədiyi müəssisəyə rəhbər olma vəzifəsinə qədər yüksələ bilir. Günlərin birində o, rəssamla da yenidən qovuşur və onlar ailə kimi birləşib xoşbəxtliyi yenidən əldə edirlər.

Göründüyü kimi, qadın xarakter başına gələn bütün fəlakətlərin və çətinliklərin nəticəsi olaraq sonda əzəldən axtardığı xoşbəxtliyi əldə etməyə nail olur. Yazıçı həm də cəmiyyətdə qadının bəxtəvərliyini nə vaxtsa bir yuvaya sahib olmağında, onu tamamlayan, vəhdət halında hiss edə bildiyi əks cinsdə tapacağına inanır və oxucunu da inandırır.

Müəllif cəmiyyətdə gender rollarını və stereotipləri sorğulayır, qadının öz savadına, gücünə, çalışqanlığına, iş həyatında da qazana biləcəyi uğurlara inanması üçün onlara stimul verir. Əsərin ideyası da sosial normaların şübhə altına alınması və dəyişdirilməsi istiqamətindədir. Bir qadın yazıçı olaraq o, yaratdığı obrazın daxili dünyasına daha yaxından bələddir və onun həyat təcrübələrini yazaraq həm fərdi, həm də kollektiv yaddaşda qorunmasına xidmət edir. Bu isə sosial empatiyanı artıra, insanlar arasında anlaşma və həmrəyliyi gücləndirə bilər.

Narıngül Nadirin qadınları dilemma qarşısında qoyduğu, obrazları yarğılamadan onları sözün real boyaları ilə yaratdığı obrazlar “Yuva” povestində də yer almışdır. Əsərdə azad ruhlu qadınla evinə, ailəsinə bağlı olan qadının həyatı göstərilir və müqayisə edilir. Qadına da öz həyatını kənardan da izləyib dəyərləndirmə etməyi üçün ədəbiyyat vasitəsilə bir növ platforma yaratmış olur. Qadınlar eşq vasitəsilə həm mənəvi kamilliyə yüksələ, həm də onlar həyatın ən qaranlıq köşələrinə doğru yol ala bilərlər. Onların bir çox davranış biçimləri toplum tərəfindən qeyri-əxlaqi həyat tərzi kimi qarşılandıqda konfliktin əsası qoyulur. Yazıçıya da həyatın əksini güzgü kimi tutaraq bu konfkliktdə kimin daha haqlı olmasına hər kəsin öz “ədalət tərəzisi” qərar versin deyə mövzunu bir növ müzakirəyə çıxarır. Müəllif burada ölkədəki sosial vəziyyətə də nəzər salır. Əsərin baş qəhrəmanı olan kişi universitet bitirmiş savadlı adamdır. Ancaq o, ixtisasına uyğun iş tapa bilməməsi ucbatından ailəsinə yaxşı baxa bilmir, yaxud da, ona uyğun olmayan ağır işlərdə çalışaraq çox az miqdarda əməkhaqqı ilə qənaətlənməli olur. Buna görə də kişinin öz ailəsi olduğu təqdirdə onun xoşbəxtliyi məhz ailəsində axtarmamağına səbəb kimi yazıçı daha çox sosial vəziyyətin kişinin baxa bilmədiyi ailənin yanında gözükölgəli olmasına, yaxınlarına və hətta özünə belə yadlaşmasına səbəb ola biləcəyini də nümayiş etdirir. Əsərdə obrazların daxili dünyalarında tez-tez özlərinə ünvanladığı suallar oxucunu da bu barədə düşünməyə və özü ilə ünsiyyət quraraq həyatı qavrama prosesinin asanlaşmasına xidmət edir.

Yazıçı hekayələrində də kiçik mətnlərin içində dolğun xarakterlər yaratmağa nail olmuşdur. Onun “Pulqabı”, “Qara”,  “Professor’,  “Uğur böcəyi” və s. kimi hekayələri oxucunu düşündürür və cəmiyyətdə daha ədalətli yanaşmanın inkişafına töhfə verir, sosial dəyişikliklər üçün ilham qaynağı olur.

Müəllif  “Pulqabı” hekayəsində qadının ədalət anlayışını sorğulayır və hətta daxili dünyasında dürüstlükdən uzaq düşən qadında belə mərhəmət və vicdan duyğularının onu yanlış hərəkətlərdən döndürəcəyinə inanır. Ədəbiyyat şəfqəti və vicdanı müxtəlif yollarla müəyyən edir və sorğulayır. Şəfqət başqalarının əzablarına qarşı həssaslıq və kömək etmək istəyi olaraq görülə bilsə də, vicdan insanın əxlaqi dəyərlərə görə özünü qiymətləndirməsi kimi başa düşülür. Bu hekayə də sözügedən anlayışların necə qəbul olunduğunu və obrazların timsalında onların oxucudakı təsirini müəyyən edir. Əsərdə obrazın daxili konfliktləri, mənəvi dilemmaları vasitəsilə onun vicdan anlayışı sorğulanır.

“Professor” hekayəsində savadlı qadının elm arxasınca gedərkən öz şəxsi xoşbətliyinə gecikdiyini, yəni, qadının bir növ öz gənclik, gözəllik və ailə qurmaq şansını elmə qurban etdiyinin təəssübünü çəkir. Qadın sayılıb seçilən elm adamı olsa da şəxsi həyatında xoşbəxt deyil. Son zamanlar isə eyni qrupda oxuyan və onu sevən oğlanı tez-tez xatırlamağı da buna işarədir. Bir zamanlar fikrini təkcə elmə yönəltmək üçün vaz keçdiyi eşq həyatını qadın yenidən bərpa etmək qərarına gəlmişdir, buna görə də o, bir zamanlar onu sevən oğlana zəng edib onun iş yerində görüş təşkil edirlər. Qadın oraya gedərək daha böyük xəyal qırıqlığına uğrayır. Belə ki, artıq onu sevən adamın başqası ilə çox xoşbəxt ailə həyatı var. Qırılmış ümidlərini də götürüb yenidən öz tənha həyatına geri dönür. Hekayədə onu gəncliyində sevən oğlan simvolik olaraq bir növ qadının gənc və gözəl çağlarını da ifadə edir. Yəni, hər anın öz hökmü olduğuna və həyata gecikən insanın onu geri döndürmək iqtidarında olmadığına işarədir.

Müəllif “Uğur böcəyi” hekayəsində də qadınlar üçün həssas nüansa toxunur. Hər nə qədər elmdə, iş həyatında irəliləmiş bir qadın olsa da onun sevdiyi bir əks cinslə vəhdət halında olmağa ehtiyacı olduğunu vurğulamağa çalışır.

Ümumiyyətlə, yazıçının nəsr əsərləri qadın dünyasını, onun həyata baxış tərzini, qadın və cəmiyyət konfliktlərini öyrənmək baxımından əhəmiyyətlidir.

İlahə Səfərzadə