"Sən uşaqsan" deyildiyinə görə göz çıxaran idmançı həbs edildi

7
Avq
19:54
thumb_down 0

Bakıda tanımadığı şəxslə dalaşaraq ona ağır xəsarət yetirən Müşfiq qəsəbəsi 33 saylı orta məktəbin 10-cu sinif şagirdi K.Yadullayevə (soyadlar şərtidir) hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 15 yaşlı məktəbli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, paytaxtdakı idman klublarından birinin cüdoçusu olan K.Yadullayev həmin gün avtobusla məşq üçün Müşfiq qəsəbəsindən metronun "20 Yanvar" stansiyasının qarşısına gəlib. O, avtobus dayanacağında bacısı ilə qonşusu olan qıza iki nəfər oğlanın yaxınlaşdığını görüb və münaqişə baş verib. Münaqişə zəminində həmin şəxslərdən biri olan E.Yusifov yeniyetməyə - "Sən uşaqsan, uşaq işi ilə məşğul ol", - deyərək kənarlaşdırmağa çalışıb. Bu zaman K.Yadullayev onun baş nahiyəsinə əli ilə zərbə endirib. Zərbə nəticəsində E.Yusifov gözün gözdaxili mayenin axması, hematoması və yarası ilə, eləcə də sol orbitin ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə alıb və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33 faiz) dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli ağır dərəcəli bədən xəsarəti alıb.

Məhkəmədə K.Yadullayev sambo və cüdo üzrə çoxsaylı yarışda qalib olduğunu deyib. O, tanımadığı şəxsə "uşaq" sözünə və bacısına yaxınlaşdığına görə zərbə endirdiyini bildirib.

"N" saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu olan zərərçəkmiş E.Yusifov isə K.Yadullayevə ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Yadullayevə 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yeniyetmə məhkəmə zalındaca həbs olunub.

Qeyd edək ki, hadisə hərbçinin məzuniyyətdə olduğu zaman baş verib.