Hüquqşünas: "Qadın işləmirsə, ərinin qazancının yarısını götürə bilər"

13
Avq
18:00
thumb_down 0

Bakıda maraqlı və qeyri-adi hadisə yaşanıb. Pul vermədiyi üçün arvadı tərəfindən polisə şikayət olunan kişi həbs edilib.

Belə ki, məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı, şikayətçi S.B. ərini xəsislikdə ittiham edib. S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub.

Polis gələndə Q.B. onlara da müqavimət göstərib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.



Maraqlıdır, qanunla ər arvadına pul verməyə borcludurmu?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.media-ya bildirib ki, ər və arvad ailə təsərrüfatını birlikdə aparır:

"Ola bilsin ki, onlardan biri işləyir, biri yox... Hansı tərəf işləyirsə, onun qazancı tən bölünməlidir. Baxmayaraq ki, qadın işə getmir, amma mətbəxdə işləməklə, ərinin qazancının yarısını götürə bilir. Bu dövrdə istər daşınan, istər daşınmaz əmlak birgə mülkiyyət sayılır.

Amma təcrübəmdə ilk dəfədir eşidirəm ki, ər arvadına pul vermədiyi üçün həbs edilib. Düşünürəm ki, bu hadisə məişət zorakılığı kimi qiymətləndirilib. Çünki məişət zorakılığının fiziki, psixoloji, iqtisadi və s. növləri var. Naxçıvandakı hadisə iqtisadi məişət zorakılığıdır".